“Çempionlar Liqasında “Bavariya” kimi rəqiblə qarşılaşdıqdan sonra yoxlama görüşü keçirmək çox çətindi. “Bavariya” ilə matçın tempi tam fərqli olur”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Donetsk “Şaxtyor”unun yarımmüdafiəçisi Marlos deyib.
Braziliyalı futbolçu yerli mətbuata açıqlamasında Antalya toplanışında qarşılaşacaqları rəqibləri dəyərləndirərkən, Azərbaycan yığmasından bəhs etməyib: “Çempionlar Liqasının cavab görüşü ilə yanaşı, ölkə çempionatına da hazır başlamaq üçün toplanış bizim üçün yaxşı şansdı. Baş məşqçi “Atırau” (Qazaxıstan) ilə oyunun daha vacib olduğunu deyib. Bu görüşdə əsasən “Bavariya” ilə oyunda ehtiyatda qalan futbolçulara şans veriləcək. Bu, bizim “Vorskla” ilə çempionat oyununa hazırlaşmaq baxımından önəmli görüşdü”.
Qeyd edək ki, “Şaxtyor” Azərbaycan millisi ilə fevralın 24-də qarşılaşacaq. Donetsk klubu Ukrayna Premyer Liqasının ikinci dövrəsinin ilk matçını isə fevralın 28-də “Vorskla”ya qarşı keçirəcək.