[b]“Simurq”un məhkəmə çəkişməsi: Mən onların yerinə qol çəkməyəcəm [/b]
30.04.2014 - 13:46
[b]“Simurq”un məhkəmə çəkişməsi: Mən onların yerinə qol çəkməyəcəm [/b]

“Zdravko Popoviç artıq maaşını alıb. Pulunu alması ilə bağlı bütün sənədlərə qol çəkib”. Bunu apasport.az saytına “Simurq” klubunun prezidenti Anar Bəkirov deyib.

 

Ötən mövsüm “Simurq”un şərəfini qoruyan legioner futbolçular may ayının maaşını almadan ölkəmizi tərk etmişdilər. Bosniyalı Mario Bojiç, xorvatiyalılar – Zdravko Popoviç və Tomislav Buşiç pulu götürmək üçün ölkəmizə gəlməyə vaxtları olmadığından, pullarını bank yolu ilə göndərmələrini istəmişdilər. Ancaq Zaqatala klubu futbolçuların maaşı almalarına dair sənədə qol çəkməli olduqlarını əsas gətirib bunu etməmişdi. Belədə bu futbolçulardan Buşiç 1 ayın maaşına görə UEFA-ya şikayət ünvanlamışdı.

 

Ancaq Bəkirov bu məsələnin artıq yoluna qoyulduğunu bildirib: “Mario Bojiç bazar günü gəlib maaşını götürməlidir. Pullarını göndərsəm, onların yerinə qol çəkməliyəm. Bu isə alınmır. Onların yerinə qol çəkən deyiləm. Çünki belə etsəm, sabah deyə bilərlər ki, pulu almamışam, bu, mənim imzam deyil”.

 

“Simurq”dan məhkəməyə müraciət edən Buşiçin isə Albaniya çempionatı başa çatdıqdan sonra pulunu almağa gələcəyi gözlənilir: “Bildiyimə görə, Buşiçin oynadığı çempionat hələ davam edir. Ola bilsin çempionat başa çatdıqdan sonra gəlib maaşını götürdü. O, hüquqşünası vasitəsi ilə bizdən UEFA-ya şikayət edib. Biz də məktub göndərmişik ki, onun maaşı bizim sistemdə qalmaqdadır, nə vaxt istəsə, gəlib götürə bilər. Məhkəmə prosesi isə hələ davam edir. Bu, 2 il də çəkə bilər”.

 

Qeyd edək ki, hazırda Tomislav Buşiç Albaniyanın “Vlazniya”, Zdravko Popoviç isə Yunanıstanın AEK klubunda çıxış edir. Mario Bojiç isə “Simurq”dan ayrıldıqdan sonra Yunanıstanın “Panaxaiki” klubu ilə müqavilə bağlasa da, qış fasiləsindən sonra Serbiyanın “Vojdovats” komandasına keçib.