"Sumqayıt" klubunun yarımmüdafiəçisi Təvəkkül Məmmədov 2015-ci il fevralın 13-də heç bir əsas olmadan komandanın düşərgəsini tərk edərək, ailəsinin yaşadığı Rusiyaya yola düşüb. Apasport.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, adıçəkilən futbolçu bu barədə nəinki klubun rəhbərliyinə, heç məşqçi heyətinə belə məlumat verməyib.
Bu hadisədən dərhal sonra futbolçu ilə əlaqə yaradılıb və ona komandanın düşərgəsinə təcili qayıtmaq göstərişi verilib. Xəbərdarlığa baxmayaraq, Təvəkkül Məmmədov hələ də komandanın sıralarına qoşulmayıb.
Bununla bağlı bəyanat yayan “Sumqayıt” rəhbərliyi bu cür halları pislədiyini bildirib. Futbolçu və onu təmsil edən tərəflər bu məsələni "Sumqayıt"la tezliklə həll etməyəcəyi təqdirdə, klub aidiyyəti qurumlara müraciət edərək, futbolçunun ciddi şəkildə cəzalanmasını tələb edəcək.
Təvəkkül Məmmədovun ötən ilin yayında "Sumqayıt"la imzalanmış müqaviləsi 2016-cı ilin yayına qədər qüvvədədi. Sazişin qüvvədə olduğu müddət ərzində, adıçəkilən futbolçu FİFA-nın bayrağı altında keçirilən heç bir yarışda iştirak edə bilməz.
Qeyd olunduğu kimi, klubla futbolçu arasında tez bir zamanda razılıq əldə olunmasa, "Sumqayıt" klubu yaranmış hadisə ilə əlaqədar olaraq, müvafiq strukturlara (Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Peşəkar Futbol Liqası, Rusiya Futbol İttifaqı və FİFA) şikayət vermə hüququna malikdi.