“Tottenhem”in Avropa Liqasında “Qarabağ”a qarşı keçirəcəyi oyunun təxmini “11-liy”i müəyyənləşib. Apasport.az saytının İngiltərə mətbuatına istinadən məlumatına görə, London klubu Ağdam təmsilçisi önünə bir neçə aparıcı oyunçusundan məhrum çıxacaq.
“Tottenhem” noyabrın 29-da London derbisində “Çelsi” ilə üz-üzə gələcəyindən, baş məşqçi Maurisio Poçettino bəzi futbolçulara sabah istirahət vermək fikrindədi.
Həmkarlarımızın fikrincə, əsas heyət üzvlərindən müdafiəçilər Yan Vertongen, Keyl Uolker, Ben Deyvis, yarımmüdafiəçi Kristian Eriksen və hücumçu Harri Keyn “Qarabağ”la qarşılaşmanın start heyətində yer almayacaqlar.
Ancaq Poçettino komandada bütünlüklə dəyişiklik etmək fikrində deyil. Belə ki, əsas heyət oyunçularından sayılan Uqo Lloris, Tobi Alderveyreld, Danni Rouz, Tom Kerroll, Erik Dayer, Delle Alli və Erik Lamelanın ilk dəqiqələrdən meydançada olması ehtimal edilir.
Argentinalı mütəxəssis ən böyük dəyişikliyi müdafiə xəttində etməyi düşünür. O, heç cür ümidləri doğrultmayan Kiran Trippier və Kevin Vimmerə Avrokubokun son iki görüşündə özlərini göstərmək üçün şans verəcək.
“Tottenhem”in sabahkı qarşılaşma üçün təxmini “11-liy”i belədi: Uqo Lloris – Kiran Trippier, Tobi Alderveyreld, Kevin Vimmer, Danni Rouz – Tom Kerroll, Erik Dayer, Andros Tounsend, Delle Alli, Erik Lamela - Hun-Min Son.
Qeyd edək ki, “Qarabağ” – “Tottenhem” oyunu sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 22:00-da başlayacaq.