[b]“Vaxt vardı, komandalar Lənkəranda qazanılan 1 xala sevinirdilər”[/b]
05.02.2015 - 15:54
[b]“Vaxt vardı, komandalar Lənkəranda qazanılan 1 xala sevinirdilər”[/b]

“Xəzər Lənkəran”da gedən gəncləşdirmə prosesi bizi aldatmamalıdı. Gənclərə qarşı oynamaq çətindi. Çünki gənc futbolçu meydanda həddindən çox hərəkət edir, çox istəkli olur, özünü baş məşqçiyə, rəhbərliyə, futbol ictimaiyyətinə göstərmək istəyir”. Bu sözləri apasport.az saytına “İnter”in yarımmüdafiəçisi Nizami Hacıyev deyib.

 

Turnir cədvəlinin 2-ci pilləsində qərarlaşan “İnter” Premyer Liqanın XX turu çərçivəsində “Xəzər Lənkəran”la qarşılaşacaq.

 

Hacıyev rəqibin gənc futbolçularla oynamasının onlar üçün üstünlük olmadığını düşünür: “Heç kim deyə bilməz ki, bizi asan oyun gözləyir. Lənkəran səfəri həmişə çox ağır olub. Ordakı atmosferi xüsusi vurğulamaq lazımdı. Özüm bir il “Xəzər Lənkəran”da oynadığım üçün həmin ab-havanı içəridən də görmüşəm. Mən də daxil olmaqla, “İnter”in heç bir futbolçusu düşünməsin ki, gedib Lənkəranda rahat qələbə qazanacağıq. Düzdü, vaxt vardı komandalar Lənkəranda qazanılan 1 xal  sevinirdi. Orda heç-heçə edən bunu qələbəyə bərabər sayırdı. Əlbəttə ki, həmin “Xəzər Lənkəran”la indiki arasında böyük fərq var. Amma kim təminat verir ki, “Xəzər Lənkəran”ın gəncləri ilə matçda oyunumuz istənilən səviyyədə olacaq, asan qalib gələcəyik? Şəxsən mənim üçün Lənkəran səfəri həmişə ən ağır səfərlərdən biri olub, belə də qalacaq”.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” – “İnter” oyunu fevralın 7-də baş tutacaq.