Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” baxışa daha bir futbolçu dəvət edib. Bu barədə apasport.az saytına klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu məlumat verib.
O bildirib ki, düşərgəyə gələcək yeni futbolçu braziliyalı Fernando Qabrieldi.
“Fernandinyo” ləqəbli 26 yaşlı yarımmüdafiəçi seleksiyaçı məşqçi Mario Souzanın tapıntısıdır.
Qısaca Fernando Qabriel kimi tanınan braziliyalı 1988-ci ilin mayın 11-də Eldoraduda doğulub. 26 yaşlı futbolçu 2006-cı ildən peşəkar futbol karyerasına başlayıb. O, ölkəsində “San-Kaetano”, “İnternasional” (B komandası), ADAP, “Araquayna”, “Moqi-Mirim”, “Parana”, “Fiqeyrense”, “Krisiuma”, “Braqantino” və “İtuano” klublarında çıxış edib. “Xəzər Lənkəran” bu futbolçunun ölkə xaricində çıxış edəcəyi ilk klubu olacaq.
Hücumameyilli yarımmüdafiəçi olan futbolçu mərkəzdə və cinahlarda oynaya bilir. Onun sol ayağı işləkdir. Futbolçu ötən ildən B seriyası təmsilçisi “Parana”nın şərəfini qoruyub. Ümumiyyətlə, Fernando Qabriel Braziliyanın B seriyasında 50 oyun keçirib və 11 qola imza atıb. Onun meydanda olduğu dəqiqələr 275-ə bərabərdir.
Klub rəsmisi, həmçinin bolqarıstanlı yarımmüdafiəçi Qalin İvanovla 1 illik müqavilə imzalandığını bildirib: “Onunla 1 illik müqavilə imzaladıq. Xorvatiyalı qapıçı Vyekoslav Tomiçlə isə yollarımızı ayırdıq”.