Bu gün AFFA-nın İntizam komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Topaz Premyer Liqasının XXX turunun qarşılaşmalarında yaşanan neqativ halla müzakirə olunaraq, müvafiq qərarlar çıxarılıb.
“İnter” – “Neftçi” matçında meydan sahiblərinin 4, “Qəbələ” – AZAL oyununda qonaqların 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 1000 manat cərimə olunub.
“Qarabağ”la görüşün 89-cu dəqiqəsində “Rəvan”ın oyunçusu Orxan Lalayevin meydandan qovulması qonaqlara 200 manata başa gəlib. Futbolçu isə 1 turluq kənarlaşdırılıb. “Bakı” – “Xəzər Lənkəran” qarşılaşmasının 62-ci dəqiqəsində aldığı qırmızı vərəqə ilə qonaqları azlıqda qoyan Adrian Skarlatakenin də cəzası eyni olub.
Oyunun 90+2-ci dəqiqəsində “Bakı” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimələnib. Matç başa çatdıqdan sonra “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlunun hakimləri təhqir etməsinin cəzası isə daha ağır olub. Klub rəsmisi 5 oyunluq cəzalanıb, klubunu 5000 manat ziyana salıb.