Mövsüm başa çatan kimi istirahətə çəkilən “Xəzər Lənkəran”da bütün futbolçular evə buraxılıb. Apasport.az saytının məlumatına görə, komandanın əcnəbi oyunçuları da artıq öz vətənlərinə yollanıblar.
Bu mövsüm “ağ-yaşıllar”ın formasını geyinmiş qapıçı Vyekoslav Tomiç, müdafiəçi Adrian Skarlatake və yarımmüdafiəçi Alfred Sanko hazırda öz ölkələrindədi. Baş məşqçi Elbrus Məmmədov saytımıza açıqlamasında hər üç oyunçunun yay təlim-məşq toplanışı zamanı düşərgəyə qayıdacağını bildirib: “Onların klubla müqaviləsi davam edir. Ölkələrinə sadəcə, dincəlməyə gediblər. İyunun 20-dən sonra toplaşmağı planlaşdırırıq. Həmin vaxt da Tomiç, Skarlatake və Sanko komanda ilə birlikdə olacaqlar”.
Qeyd edək ki, “Xəzər Lənkəran”ın digər əcnəbi futbolçusu Sadio Tounkara isə hazırda zədəsini sağaltmaqla məşğuldu.