“Xəzər Lənkəran”da yeni təyinat
21.06.2014 - 10:52
“Xəzər Lənkəran”da yeni təyinat

“Xəzər Lənkəran”ın məşqçilər korpusunda dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Mustafa Dənizlinin baş məşqçi postundan gedişindən sonra bu posta təyin olunan Oğuz Çətin yeni futbolçularla yanaşı, köməkçiləri ilə bağlı da dəyişiklikləri lazım bilib.

Ötən mövsüm əsas komandanın məşqçilər korpusunda yer alan Emin Quliyev və Hafiz Əliyev bundan sonra “Xəzər Lənkəran”ın U-19 komandasında çalışacaq. Uzun müddət “ağ-yaşıllar”ın əsas komandasında qapıçı məşqçisi işləmiş Əliyev 19 yaşlılardan ibarət komandaya baş məşqçi təyin edilib. Mütəxəssis bu postda Məhərrəm Bağırzadəni əvəzləyib. Ötən mövsüm Dənizlinin köməkçiləri arasında yer alan Quliyev isə Əliyevə yadım edəcək.

Əsas komandanın məşqçilər korpusunun tərkibi isə Çətin tərəfindən müəyyən ediləcək. O, Türkiyədən yanına bir neçə məşqçi gətirmək fikrindədir. Geridə qalan mövsümdə əsas komandanın məşqçilər korpusunda yer alanlardan yalnız Covanni Melkiorre öz postunu tərk etməyəcək.