[b]“Yeni qaydaları başa salmağa hakim dəvət edəcəm” – Tərlan Əhmədov[/b]
29.09.2017 - 18:13
[b]“Yeni qaydaları başa salmağa hakim dəvət edəcəm” – Tərlan Əhmədov[/b]

“Eşitdiyimə görə, komanda sonuncu dəfə 6 ay əvvəl qələbə qazanmışdı”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib.

 

“Ağ-qaralar” Premyer Liqanın VII turunun açılış matçında “İnter” üzərində səfər qələbəsi (2:0) qazanıblar.

 

Matçdan sonra təşkil edilən mətbuat konfransında Əhmədovun ilk qələbə şərhi belə olub: “Qısa müddətdə müdafiədəki problemləri aradan götürməyə çalışdıq ki, səhvlər minimuma endirilsin. Uzun marafonda uğur qazanmaq istəyirsənsə, müdafiən güclü olmalıdı. Futbolçularıma təşəkkür edirəm. Komandamız rəqibə ilk dəqiqələrdən təzyiq göstərdi, onlara öz oyunlarını nümayiş etdirməyə imkan vermədi”.

 

- Emin Mahmudovun çıxışı sizi qane etdi?

- Bütün oyunçular məni qane etdi. Emin uzun müddətdi oynamadığı üçün hələ tam uyğunlaşmayıb. Onun adaptasiya prosesi ləng gedir. Fasilə bu baxımdan Eminə kömək edəcək.

 

- Son dəqiqələrdə Kirill Petrovun səhvi sərbəst zərbə ilə nəticələndi. Futbolçu qaydaları bilmir?

- Əvvəlki dövr olsaydı, demək olardı. Artıq yeni qaydalar var. Hər mövsümün əvvəlində AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu dəvət edirdim ki, yeni qaydaları uşaqlara izah etsin. Yeni qaydada var ki, futbolçu topu başına qaldırıb qapıçıya ötürə bilməz. Bəlkə futbolçumuz bunu bilmir. Qısa müddətdə hakim dəvət edəcəm ki, yeni qaydaları başa salsın.

 

- Çingiz Abdullayev və Orxan Hüseynzadə oyunu izlədilər. Komandanı təbrik etdilər?

- Orxan müəllim və vitse-prezidentimiz gəlib, təbrik etdilər.

0