[b]Yeni UEFA prezidentindən sərt mesaj: Kimin idarəedici qurum olduğunu göstərmək vaxtıdı[/b]
14.09.2016 - 17:24
[b]Yeni UEFA prezidentindən sərt mesaj: Kimin idarəedici qurum olduğunu göstərmək vaxtıdı[/b]

“UEFA bir müddət rəhbərsiz qaldı. Bu ərəfədə böyük klublarla məşğul olmaq problem idi”. Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın yeni prezidenti Aleksander Çeferin deyib.

 

Bu gün Yunanıstanın paytaxtı Afinada keçirilmiş növbədənkənar Konqresdə yeni prezidenti seçilən sloveniyalı futbol funksioneri iclasdan sonrakı mətbuat konfransında namizədliyi öz istəyi ilə verdiyini bildirib: “Bu qədər dəstək olduğunu gördükdən sonra işim daha da asanlaşdı. İnsanlar dəyişiklik və yeni simalar görmək istəyirdilər. Kiçik və orta səviyyəli futbol ölkələri ilə yanaşı, böyük ölkələr də mənim futbol proqramıma inandılar. Heç vaxt pərdə arxasında olmadım. İnsanların həmişə inamını qazanmışam. Futbolda pərdə arxasında olan bir şəxs Avropa ölkələrinin 42-nin səsini toplaya bilməzdi”.

 

Çeferin Çempionlar Liqasının formatı ilə bağlı narazılığını da gizlətməyib. O, 2018-19 mövsümündən etibarən Almaniya, İngiltərə, İspaniya və İtaliyanın hər birinin 4 komandasının qrup mərhələsinə birbaşa adlaması məsələsinə baxılacağını deyib: “Dəyişikliklərlə bağlı kifayət qədər məlumatlandırılmamışıq. UEFA-ya üzv olan 55 futbol federasiyasının rəsmiləri ilə bununla bağlı söhbətim olacaq. İstəsəm də, istəməsəm də buna baxmalıyam. Bu, gündəmimizdə olan ilk məsələdi”.

 

Sabiq rəhbər Mişel Platininin fəxri-prezident elan edilməsi barədə düşünmədiklərini vurğulayan 49 yaşlı prezident böyük klublarla kiçiklər arasında fərqin böyüməsinin qarşısını almağa çalışacaqlarını əlavə edib: “Avropa futbolu oyun alqı-satqısı, irqçilik, təhlükəsizlik kimi bir çox problemlərlə qarşı-qarşıyadı. Zəngin və kiçik klublar arasındakı fərqin böyüməsi maliyyə feyr-pleyinə nəzarətin artmasını şərtləndirib. Artıq kimin idarəedici qurum olduğunu göstərmək vaxtıdı”.

0