Pişiyin ağzı ətə çatmayanda onun iy verdiyini deməsi kimi “Neftçi” də çempionluqdan uzaqda qaldığı üçün bilmir nə etsin. Azərbaycan derbisi öncəsi bakılılar “Qarabağ”la oyuna ciddi şəkildə hazırlaşmaq əvəzinə, qarşılaşmanın baş hakimi Əliyar Ağayevə təzyiq etməyə başlayıb.
Yəqin ki, bu gün eyni saatda klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə və “Neftçi”nin prezidenti Sadıq Sadıqovun danışmaq üçün təyin etdiyi müşaviri Elnur Əşrəfoğlunun müxtəlif saytlara açıqlama verərək, matçın baş hakimi Əliyar Ağayevdən vicdanlı olmağı tələb etməsi heç də təsadüfi deyil. Görünür, Sadıqov işçilərinə “Əliyarı baltalayın” əmrini verməklə sabahkı qarşılaşmada qeydə alınacaq uğursuzluğa görə indidən FİFA referisini günahkar çıxarıb, özünü sığortalamaq niyyətindədi.
Əslində, “Neftçi”nin bu cür addım atmasına heç də təəccüblənmək lazım deyil. Nəzərə alaq ki, Sadıq Sadıqovun kluba prezident təyin olmasından sonra “Neftçi” ilə bağlı xoşagəlməz məsələlər gündəmi tez-tez zəbt edir. Maraqlıdı, klub Əliyarın obyektivliyinə şübhə edirsə, niyə Sadıqovun özü bu barədə açıqlama vermir? Görəsən, Əliyar həqiqətən də bakılıları sıxma-boğmaya salırsa, bəs vitse-prezident Elnur Məmmədov niyə sakit dayanıb, ancaq aşağı vəzifədə çalışanları meydana atır?
20-ci turda FİFA referisi Ağayevlə aut davası edən “ağ-qaralar”, əslində, “Qarabağ”dan qorxur. Lütfən, gənclərin ümidinə qalan “Xəzər Lənkəran” və bərbad durumda olan “Qəbələ” üzərində qazanılan qələbələr sizi yanıltmasın. Bakılılar çox gözəl bilir ki, hazırkı heyətlə, 4 aya yaxındı maaş almayan futbolçularla, o cümlədən də klub daxilində yaşanan problemlər və çəkişmələrə görə “atlılar”ı büdrətmək çox çətin olacaq.
Əslində, “Neftçi” Əliyarda vicdan axtarmaq əvəzinə mövsümdəki uğursuzluğun səbəbini özündə axtarsa, daha yaxşı olar. Son illərin ən ədalətli referisi olan Ağayevin atası Sadıq Sadıqovun işçisi olmasına baxmayaraq, bu amilin fit sahibinin obyektivliyinə təsir etdiyini görməmişik. Çox güman ki, Sadıqov “Neftçi” İSM-də çalışan sabiq hakim Kərim Ağayevə oğlunun “ağ-qaralar”a “şirinlik” etməsi ilə bağlı göstəriş verməyə cəhd edib. Görünür, Ağayevlər şərəfli olmağı daha üstün tutduğu üçün bakılılar da məcbur olub, hakimə bu cür təzyiq etməklə ictimaiyyəti özlərinin süddən çıxmış ağ qaşıq olduqlarına inandırmağa çalışırlar.
Taleyi bu mövsümün nəticəsindən asılı olan Sadıqova Anar Salmanov amilini xatırlatmaq yerinə düşərdi. Görəsən, “Neftçi”də masajçı kimi fəaliyyət göstərən qardaşı Əziz Salmanova görə cərimə meydançası kənarındakı cərimə zərbəsini penaltiyə “çevirən” Anar Salmanov yadınızdadımı?
Xatırladaq ki, Salmanov “Qarabağ”la matçda verdiyi kobud qərarın əziyyətini hələ də çəkir. Bəs, görəsən, Sadıqov həmin vaxt Salmanovun vicdanına şübhə ilə yanaşırdımı?
Yaxşı olardı ki, “Neftçi” indidən şivən salmaqdansa, oyuna daha ciddi hazırlaşsın. Hakimlik məsələsini qabartmaq oyunqabağı pixoloji üstünlük əldə etməyə hesablanıb. Bakılılar komanda daxilində baş verən intriqaları gizlətmək, uğursuzluğa haqq qazandırmaq üçün ucuzluğa varır (futbolinfo.az)