[b]A qrupu arzusunda[/b]
01.10.2015 - 11:35
[b]A qrupu arzusunda[/b]

Sabah futzal üzrə AVRO-2016-nın final mərhələsinin püşkatması keçiriləcək. Apasport.az saytının məlumatına görə, gələn ilin fevralında təşkil olunacaq yarışın həlledici mərhələsinin iştirakçıları 4 qrupa bölünəcək.

 

Püşkatma final oyunlarını qəbul edəcək Serbiyanın paytaxtı Belqradda baş tutacaq. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

 

Ardıcıl 4-cü dəfə ən güclü 12 komanda arasında olan Azərbaycan yığmasının da diqqəti Belqrada yönələcək. Belçika (3:1), Danimarka (11:2) və Ukrayna (2:3) ilə eyni seçmə qrupunda 2-ci olan Faustino Peresin yetirmələri pley-offda Slovakiyanı (3:1, 1:1) yolundan kənarlaşdırmaqla Serbiyaya vəsiqə qazanıb.

 

Püşkdən bir neçə gün əvvəl komandalar 3 səbətə bölünüb. Yığmamız sonuncu – 3-cü “dördlük”də qərarlaşıb. Bu isə yığmamıza ilk iki səbətdən rəqibin çıxması deməkdi.

 

Lakin ilk səbətdə 3 nəhənglə yanaşı Serbiya da yer alıb. Meydan sahibi kimi A qrupunun 1-ci komandası olacaq balknalılar ən münasib rəqibdi. Düzdü, serbiyalılara “doğma divarlar” da kömək edəcək. Lakin son çempion İtaliya, həmçinin İspaniya və Rusiya kimi yığmalarla müqayisədə məhz sabiq yuqoslaviyalılar millimizin dişinə görədi. Bu həm də 3 il əvvəl komandamızı 9:8 udub, final mərhələsinin qrupunda saxlayan serbiyalılardan revanş da ola bilər. Həm də xatırlamaq lazımdı ki, 5 il əvvəl Avropanın 4-cüsü olanda millimiz məhz meydan sahibləri ilə qrupdan çıxmağı bacarmışdı.

 

2-ci səbətdə isə yığmamız üçün məğlubedilməz rəqib yoxdu. 3 il əvvəl final mərhələsində uduzduğumuz Portuqaliya nisbətən ağır sınaq ola bilər. Ukraynadan seçmə mərhələdəki məğlubiyyətin qisasını, Çexiyadan isə 5 il əvvəl bürünc medal uğrunda oyundakı yenilginin qisasını almaq mümkündü. Bu səbətdəki Xorvatiya isə DÇ-2016-nın seçmə mərhələsindəki gələcək rəqiblərimizdəndi.

 

1-ci səbət: Serbiya, İtaliya, İspaniya, Rusiya

2-ci səbət: Portuqaliya, Ukrayna, Xorvatiya, Çexiya

3-cü səbət: Sloveniya, Azərbaycan, Macarıstan, Qazaxıstan

 

Qeyd edək ki, final mərhələsi gələn il fevralın 2-13-dək keçiriləcək.

 

0