[b]AFFA-dan kömək istəyən Yaşar Seyidov: Sakit dursunlar...[/b]
30.03.2015 - 09:31
[b]AFFA-dan kömək istəyən Yaşar Seyidov: Sakit dursunlar...[/b]

“Düzdü, “Bakı”dan ayrılmaq qərarımı vermişəm. Amma klubdan futbolçu  və məşqçilər mənə zəng vurub xahiş etdilər ki, mövcud problemlərin həllinə yardımçı olum”. Bu sözləri apasport.az saytına “Bakı”nın sabiq vitse-prezidenti Yaşar Seyidov deyib.

 

Paytaxt təmsilçisindən istefa verdikdən sonra ilk dəfə danışan Seyidov klubdakı vəziyyətin düzəlməsi üçün hazırda da işlər gördüyünü bildirib: “Həyatını bu kluba vermiş bir adam kimi, məşqçi və futbolçuların problemlərinin həll olunmasına çalışıram. Futbolçu problemi ilə əlaqədar mənə müraciət edirsə, onu həll etməliyəm. Bu problemlərdən qaçan adam deyiləm. Onların həlli üçün istənilən yerə gedib, istənilən şəxslərdən xahiş etməyi özümə borc bilirəm”.

 

Seyidov “Bakı”dakı problemlərin həlli ilə bağlı AFFA-dan söz aldığını da qeyd edib: “Gücüm çatmayan məsələlərlə bağlı AFFA rəhbərliyi ilə danışıb, onlardan kömək istəmişəm. Federasiya rəhbərliyi də söz verdi ki, bu problemlərin müsbət həlli üçün çalışacaq. Milli komandamızın seçmə mərhələ oyunu ilə bağlı başları qarışıq idi. Demişdilər ki, yığmanın oyunundan sonra gələrsən. Bu gün çalışacam federasiyaya gedib, bəzi məsələlərlə bağlı onların razılığını alım”.

 

“Zolaqlılar”ın sabiq rəsmisi bu klubun fəaliyyətini davam etdirməsini istəməyən qüvvələrin olduğunu da deyib. O, həmin şəxslərə səslənməyi də unutmayıb: “Bəzi adamları başa düşə bilmirəm. Onlara “Bakı” klubunun yaşaması lazımdısa, imkan versinlər, bunun üçün əlimizdən gələni edək. Onları doğrudan da burdakı məşqçilərin, futbolçuların problemlərinin həlli maraqlandırırsa, “Bakı” ilə federasiya arasında münaqişə yaratmasınlar. Federasiyanın bu kluba etdiyi yaxşılıqları görüb, sakit dursunlar. Onlardan xahişim budu ki, heç olmasa, hələlik öz missiyalarını dayandırsınlar, imkan versinlər bu məsələləri yoluna qoyaq. Bu gün münaqişə ilə, dalaşmaqla problem yoluna qoymaq olar? Bir də ki, mənə yaxşılıq edən insanı nəyə görə pisləməliyəm? Federasiya rəhbərliyi “Bakı” üçün bu qədər iş görürsə, onlara yalnız “çox sağ ol” deməliyəm. Amma çox maraqlıdı ki, klubla əlaqəsi olmayan adamlar bunları fərqi şəkildə qələmə verirlər. Axı mən federasiya rəhbərliyinə şəxsi işimlə bağlı xahiş etmirəm. Klubda yaranmış müəyyən problemlərin həll olunması üçün kömək istəyirəm. Bunun nəyi pisdi? Həmin insanlar özləri kömək etmək fikrindədilərsə, əgər belə fövqəlgücə malikdilərsə, buyursunlar. Bacarmırlarsa, buna imkanı olanlara mane olmasınlar”.

 

Seyidov “düşmənlərini” Hüseyn Cavidin şeiri ilə iblisə bənzədib: “İblis nədi? - Cümlə xəyanətlərə bais. Ya hər kəsə düşmən olan insan nədi? – İblis. İndi bu insanlar da hamıya müharibə elan edirlər. Məhəmmədhüseyn Şəhriyar isə deyir ki: “Burda bir şir qəfəsə düşüb bağırır. Etibarlı insanları öz köməyinə çağırır”.

 

Ruslan SADIQOV