AFFA-nın İntizam Komitəsinin bu gün keçirilən iclası “Keşlə”dən qovulan iki futbolçunun karyerasının üstündən xətt çəkib. Apasport.az saytı futbol fəaliyyətindən ömürlük kənarlaşdırılan Nizami Hacıyevlə Mirhüseyn Seyidovun karyerasının statistik göstəricilərini hesablayıb.
Peşəkar karyerasına 2005-ci ildə başlayan Nizami Azərbaycan çempionatının Premyer Liqasında indiyədək 256 oyun keçirib. O, son klubu “Keşlə” (2007-08, 2010-13, 2014-17), həmçinin AZAL (2005-07, 2008-09), “Xəzər Lənkəran” (2009-10), MOİK (2011) və “Qəbələ”də (2013-14) forma geyinib. Elitadakı görüşlərinin yarıdan çoxunda – 142 dəfə “Keşlə”nin şərəfini qoruyan yarımmüdafiəçi vurduğu 33 qoldan 28-də paytaxt təmsilçisinin azarkeşlərini sevindirib. Nizaminin klub tarixinin ən yaxşı bombardiri olması üçün 3 qolu çatmayıb. Baçana Sxadadzenin 31 qolluq rekordunu arxada qoya bilməyən 29 yaşlı yarımmüdafiəçi 2007/08 mövsümündə Azərbaycan çempionu adını da qazanıb.
Hacıyev avrokuboklardakı bütün qollarını da “Keşlə” üçün vurub. Avropa Liqasında ümumilikdə 16 matç keçirən yarımmüdafiəçinin hesabında 3 qol var. Bu klubda 14 belə matçda meydanda olan Nizami 2012/13 mövsümündə “Trans”la hər iki oyunda, cari mövsümdə isə “Mladost”la ev qarşılaşmasında rəqib qapısına yol tapıb.
Azərbaycanın U-17, U-19 və U-21 yığmalarının şərəfini qorumuş yarımmüdafiəçi 2011-ci ildə əsas komandada debüt edib. Bu yığmada 3 dəfə şans qazanan Hacıyev 1 qola da imza atıb. 2012-ci il fevralın 27-də Hindistan üzərində böyük hesablı qələbədə (3:0) pay sahibi olub. Bundan başqa, 2011-ci il noyabrın 11-də Albaniya (1:0), 2012-ci il fevralın 27-də Fələstinlə (0:2) görüşlərdə də şans qazanan futbolçu yalnız yoxlama matçlarında meydana çıxıb.
25 yaşlı Seyidovun karyerası oyun və qol baxımından Nizamidən geri qalsa da, titul baxımından daha zəngindi. Peşəkar karyerasına 2009-cu ildə başlayan yarımmüdafiəçi bütün uğurlarını “Keşlə”yədək formasını geyindiyi “Neftçi”də qazanıb.
O, 2015-ci ilədək çıxış etdiyi “ağ-qaralar”la 3 dəfə çempionluq (2010/11, 2011/12, 2012/13), 2 dəfə kubok (2012/13, 2013/14) sevinci yaşayıb. 2012-ci ildə Avropa Liqasının qrupuna düşən ilk Azərbaycan klubunun heyətində olub.
Seyidov Premyer Liqada ümumilikdə 151 matç keçirib. Bunun 118-i “Neftçi”, 33-ü “Keşlə” ilə baş tutub. Vurduğu 5 qolun hamısına ilk klubunda imza atan Seyidov avrokuboklarda da təcrübə qazanıb. 27 belə qarşılaşmada 2 qol vuran yarımmüdafiəçi son klubu ilə 9 görüşdə 1 dəfə fərqlənib. Bu da “Fola” ilə ev qarşılaşmasına təsadüf edib.
U-17, U-19 və U-21 yığmalarında da oynamış və hətta aparıcı futbolçulardan olan Mirhüseyn əsas millidə debüt şansı qazanmayıb. Yığmaya bir neçə dəfə çağırılan oyunçuya rəsmi matçlarda şans verilməyib.