[b]AFFA 2 məşqçinin stadiona girişinə qadağa qoydu[/b]
18.03.2014 - 13:47
[b]AFFA 2 məşqçinin stadiona girişinə qadağa qoydu[/b]

Azərbaycan çempionatının I divizionunda baş verən qalmaqalların günahkarları cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın İntizam Komitəsi XXI  turunun “Neftçala” – “Qaradağ Lökbatan” və “Lokomotiv” – “Mil-Muğan” qarşılaşmalarında yaşananları araşdırıb, müvafiq qərarlar çıxarıb.

 

Neftçaladakı görüşün 19-cu dəqiqəsində hakimləri təhqir edən “Qaradağ Lökbatan” klubunun prezidenti Tahir Mustafayev 5 oyunluq cəzaya layiq görülüb. I divizion təmsilçisi 500 manat cərimə də ödəyəcək. Qonaqların futbolçusu Musa Rəhimov rəqibi təhqir etdiyi üçün 3 matçlıq kənarlaşdırılıb və klubunu 200 manat ziyana salıb. “Qaradağ Lökbatan”ın məşqçisi Nasim Əhmədovun texniki zona qaydalarını pozması da cəzasız qalmayıb. 100 manatlıq cəriməyə səbəb olan çalışdırıcı 1 qarşılaşmanı kənardan izləyəcək.

 

“Lokomotiv”lə oyun başa çatdıqdan sonra “Mil-Muğan”ın baş məşqçisi Mətləb Məmmədov və məşqçi Səbuhi Məmmədovun yol verdiyi hərəkətləri də diqqətdən yayınmayıb. Komitə hakimləri təhqir edən və onlara  fiziki təsir göstərməyə çalışan məşqçilərin hərəsini 10 oyunluq cəzalandırıb, İmişli təmsilçisini isə 2000 manat cərimələyib. Cəza müddəti dövründə adıçəkilən Məmmədovların “Mil-Muğan”ın matçları zamanı stadiona girişinə qadağa qoyulub.