[b]AFFA “Trabzonspor”un daha 2 futbolçusunu milliləşdirir[/b]
16.11.2015 - 09:50
[b]AFFA “Trabzonspor”un daha 2 futbolçusunu milliləşdirir[/b]

AFFA “Trabzonspor” klubuna müraciət edib. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, müraciət “bordo-mavililər”in 4 futbolçusunun Azərbaycan yığmasına çağırılması ilə bağlı olub.

 

Bildirilir ki, AFFA-nın baş katibi “Trabzonspor” rəsmisi Sadi Təkəlioğlu ilə əlaqə saxlayaraq, klubun 17 yaşa qədər futbolçulardan ibarət komandasında oynayan Doğukan Öksüz və Murat Cem Alpınarın milliləşdirilməsi ilə bağlı danışıq aparıb.

 

Qaradəniz təmsilçisi bu təklifə müsbət cavab verib.

 

Ölkəsinin mətbuatına açıqlama verən Təkəlioğlu uzun müddət futbol sektorunda çalışmasına rəğmən, bu cür halla ilk dəfə qarşılaşdığını bildirib: “Azərbaycan tərəfi bəzi futbolçularımızın Türkiyə millisində oynaya bilməyəcəyini təxmin edərək, bizimlə əlaqə saxladı. Dedilər ki, icazə versəniz, 17 yaşa qədər bir neçə futbolçunuzu Azərbaycan yığmasında oynatmaq istəyirik. Ahmet Hakan Sevinç, Doğukan, Ebrar və Murat Cemin adını çəkdilər. Abdulkadir, Cafer və Abdullahın millidə oynadığını, gedə bilməyəcəyini bilirlər. Bayaq adını çəkdiyim uşaqlar Türkiyə yığmasına dəvət almayınca, yoxa çıxdılar. Azərbaycanın təklifinə müsbət yanaşmağımın tək səbəbi bizim komandamızı yaxşı tanımaqları ilə bağlıdı. Açığı, özünü göstərən oyunçularımızı tək-tək tanımaqları məni təəccübləndirdi”.

 

Təkəlioğlu əlavə edib ki, 4 futbolçudan ikisi artıq Azərbaycan yığmasının düşərgəsində  olublar: “Qardaş ölkənin milli komandasına seçilmək Murat və Doğukanın özünəinamını artırır. Açığı, bir az qapalı futbolçular idilər. Amma görürəm ki, bunu üzərlərindən ata bilirlər. Bəzən klubun oyunlarını Azərbaycan yığmasının matçları ilə əlaqədar buraxmalı olurlar. Amma bu, bizə problem yaratmır. Beynəlxalq turnirlərdə özlərini göstərmək böyük önəm kəsb edir. Azərbaycanda onlara çox yaxşı yanaşırlar”.

 

Qeyd edək ki, Doğukan Öksüz və Murat Cem Alpınar Azərbaycanın U-17 yığmasının heyətində Qazaxıstandakı turnirdə iştirak ediblər.