AFFA Nuru Əliyevin komandasına niyə lisenziya verməyib?
08.05.2014 - 14:28
AFFA Nuru Əliyevin komandasına niyə lisenziya verməyib?

“UEFA-nın lisenziyalaşdırma ilə bağlı tələb etdiyi meyarlar bizim komandaya uyğun gəlir”. Bunu apasport.az saytına “Rəvan” klubunun vitse-prezidenti Bəhruz Şirəliyev deyib.

 

Bu gün AFFA-nın Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib. Yığıncaqda 2014/15 mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün müraciət edən 9 klubun sənədlərinə baxılıb. Amma yekunda “Simurq” və “Bakı” ilə yanaşı, “Rəvan”a lisenziya verilməyib.

 

Əldə etdiyimiz məlumata görə, buna səbəb “Rəvan”ız üzləşdiyi maddi problemlərdir. Elə Şirəliyev də əməkdaşımızla söhbətində lisenziya ala bilməməklərində pul amilini inkar etməyib: “Bizim lazım olan sənədləri təqdim etmək imkanımız olub. Sadəcə, məsələyə real baxmağı qərara aldıq. Mövsümün gedişində, daha doğrusu, ölkə kubokunun 1/2 final mərhələsində “Neftçi” tərəfindən kənarlaşdırıldıqdan sonra komandamızın avrokuboklarda iştirak etməyəcəyi dəqiqləşdi. Belədə əlavə maliyyə xərcləri çəkməyə lüzum görmədik”.

 

Qeyd edək ki, “Rəvan” klubunun sponsoru sahibi Nuru Əliyev olan “Nurgun Motors” şirkətidir.