“Antalyada gördüklərimizə, seyr etdiklərimizə əsasən təkliflər hazırlayırıq. Bunun üçün bizə daha 2-3 gün vaxt lazımdı”. Bu sözləri apasport.az saytına açıqlamasında Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.
Klubların və aşağı yaş qrupları üzrə milli komandaların Antalyadakı hazırlıq prosesini izləyən təcrübəli mütəxəssis ümumilikdə səfərdən razı qalıb. Onun sözlərinə görə, tez bir zamanda federasiya rəhbərliyi ilə görüşəcəklər: “Bizə tapşırılmışdı ki, təkliflərinizi hazırlayın. Qeydlərimizi götürmüşük və hazırda bəzi məsələləri müzakirə edirik. Bizim öz təkliflərimiz var, amma onları indi açıqlamaq istəmirəm. Təkliflərimizi federasiya rəhbərliyinə təqdim edəcəyik”.
Yığmanın baş məşqçisi Robert Prosineçkinin Antalyadakı iş fəaliyyətinə də toxunan Mircavadov xorvatiyalı çalışdırıcının hansısa futbolçu ilə bağlı onlarla məsləhətləşmədiyini deyib: “Prosineçki bütün klubların düşərgəsində oldu, məşq və oyunlarını izlədi. Yəqin ki, xoşuna gələn futbolçular olub. Bizim də diqqətimizi çəkən oyunçular var. Amma Prosineçki bu məsələ ilə bağlı bizimlə danışmadı”.