Uelsin Kardiff şəhərində keçirilən UEFA Superkuboku maraqlı məqamlarla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, İspaniya duelində 2:0 hesabı ilə qalib gələn “Real”ın baş məşqçisi Karlo Ançelotti rekorda imza atıb.
Belə ki, 3-cü dəfə Avropa Superkubokunu qazanan Ançelotti, bununla Xosep Qvardiolaya məxsus rekordu təkrarlayıb. Sonuncu 2009 və 2011-ci illərdə “Barselona” (İspaniya), ötən il isə “Bavariya” (Almaniya) ilə bu yarışın qalibi adını əldə etmişdi. İtaliyalı isə “Real”adək “Milan”da (İtaliya) 2 dəfə - 2003 və 2007-ci illərdə buna nail olmuşdu.
Vurduğu 2 qolla komandasına qələbə qazandıran Kriştianu Ronaldo isə avrokuboklarda 70-ci dəfə fərqlənməklə, Filippo İnzaqiyə çatıb. 2-ci yerə şərik olan bu cütlük yalnız “Real”ın digər əfsanəsi Rauldan geri qalır. Sonuncunun hesabında 77 qol var.
2002-ci ildə Hollandiya “Feyenoord”unu məğlub edib ilk Superkubokunu qazanan “Real” tarixində 2-ci dəfə bu mükafata yiyələnib. Avropa miqyaslı yarışlarda 14-cü titulunu qazanan madridlilər daha 2 dəfə - 1998 və 2000-ci illərdə Superkubok oyununda uduzub. Bu yarışda ən çox qələbə isə “Milan”ın hesabındadır – 5 dəfə.