Azərbaycan Premyer Liqasının XVII turunda anlaşılmazlıq yaranıb. Apasport.az saytının məlumatına görə, bu, “Qarabağ” – “Kəpəz” matçında baş verib.
Məsələ burasındadı ki, meydan sahiblərinə 1:0 hesablı qələbə qazandıran qolun müəllifi ilə bağlı sual yaranıb. Videogörüntüdə Dani Kintananın başla ötürməsindən sonra topu Mahir Mədətovun qapıdan keçirdiyi aşkar görünsə də, oyunun protokolunda Riçard Almeydanın fərqləndiyi əksini tapıb. Bunda milliləşdirilən braziliyalının da “rolu” olub. Belə ki, yarımmüdafiəçi matçın taleyini özü həll etmiş kimi, qolun sevincini Mədətovdan əks istiqamətə qaçmaqla qeyd edərək, çoxunu yanıldıb.
Lakin bu yanlışlığın tezliklə aradan qaldırılacağı gözlənilir. Bunu əməkdaşımızla söhbətində Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov da istisna etməyib.
O deyib ki, məlum məsələ ilə bağlı yekun qərar bu gün baş tutacaq yığıncaqda veriləcək: “Hər turdan sonra PFL-in toplantısı keçirilir. İclasda son oyunların videolarına baxılır, bir çox məqamlar nəzərdən keçirilir. Bu vaxta qədər elə hal olub ki, qolun müəllifi kimi əvvəlcə bir futbolçunun adı yazılıb, ancaq video-təhlildən sonra protokolda dəyişiklik edilib. Bu, problem deyil. Yenə son oyunların videosuna baxacağıq. Əgər topu qapıdan, həqiqətən də, Riçard Almeyda yox, Mahir Mədətov keçiribsə, müvafiq düzəliş edəcəyik”.
Bu anlaşılmazlıq oyundan sonra keçirilən mətbuat konfransında da müzakirə olunub. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qolun Mədətov tərəfindən vurulduğunu bildirdikdə həmkarlarımız rəsmi protokolda Almeydanın adının yazıldığını xatırladıblar.
Qeyd edək ki, “Kəpəz”lə görüşdə vurulan qol Mədətovun adına yazılarsa, bu, Mahirin Premyer Liqanın cari mövsümündə 8-ci qolu olacaq. Belədə gənc hücumçu çempionatın bombardiri, aktivində 11 qol olan Baqali Dabo ilə top fərqini 3-ə endirəcək.