Sabah Avropada növbəti futbol həftəsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, azarkeşlər 6 gün ərzində milli komandaların qarşılaşmalarına şahidlik edəcəklər.
Əksər yığmaların yoldaşlıq oyunları keçirəcəyi vaxtda AVRO-2016-ya vəsiqələr uğrunda mübarizəyə də yekun vurulacaq. Fransada keçiriləcək final mərhələsinə qatılacaq son 4 komanda pley-offda bəlli olacaq.
Həlledici turnirə yollanmaq iddiasında olan 8 komanda iki dəfə üz-üzə gələcək. Pley-offun ilk cütündə Norveç və Macarıstan qarşılaşacaq. Qrup mərhələsində Azərbaycan yığmasının rəqibi olan şimallılar ilk oyunu evdə keçirəcəklər. Sonuncu dəfə DÇ-1982-nin seçmə oyununda Macarıstana uduzan skandinaviyalılar uğurlu seriyanı davam etdirməyə çalışacaqlar. Onların rəqibi isə cəzalı Roland Yuxasın yoxluğunda nəticə qazanmağa iddialıdı.
Final mərhələsinə növbəti vəsiqənin sahibinin adına Bosniya və Herseqovina ilə İrlandiya arasında matçda aydınlıq gələcək. Bu görüşə Azərbaycanda da kifayət qədər maraq var. Çünki balkanlıların AVRO-2016-ya yüksəlməsi ölkəmizdə çıxış edən daha iki futbolçunun final mərhələsində oynamasına səbəb ola bilər. Düzdü, “Qarabağ”ın qapıçısı İbrahim Şehiçdən fərqli, “Qəbələ”nin hücumçusu Ermin Zets İrlandiya ilə görüşləri buraxacaq. Lakin komandası uğur qazansa, onların hər ikisi digər “Qarabağ”lı – Albaniya yığmasının üzvü Ansi Aqolli kimi Fransaya yollanmaq şansına malik olacaq. Şehiç və Zetsin komandası bunu bacarsa, tarixində ilk dəfə qitə çempionatının final mərhələsinə yüksələcək. Cəza üzündən bosniyalılar ilk oyunda Muhammed Beşiç, irlandiyalılar Xon Oşi və Conatan Uoltersin xidmətindən məhrumdu.
AVRO-2000-nin pley-offunda qarşılaşan Ukrayna və Sloveniya isə 16 il sonra üz-üzə gələcək. Postsovet məkanı təmsilçisi indiyədək məğlub edə bilmədiyi rəqiblə oyunlarda sindromu qırmağa çalışacaq. Tarixi ərzində 4 dəfə pley-offda uduzan ukraynalılar görüşə 2 itki ilə çıxacaq. Belə ki, Aleksandr Kuçer və Taras Stepanenko cəza səbəbindən ilk matçı buraxacaq. Sloveniya isə hər dəfə adladığı pley-offdakı uğurlu seriyanın davamını gətirmək istəyir.
Pley-offun şimal derbisində isə İsveçlə Danimarka qarşılaşacaq. İlk oyuna cəzasız çıxacaq rəqiblərin qarşıdurması zəngin tarixə malikdi. Belə ki, komandalar indiyədək 104 dəfə qarşılaşıb. 1992-ci ildə qitə çempionu olan danimarkalılar İsveçdə qazanılan titula gedən yolda yeganə məğlubiyyəti meydan sahiblərindən almışdı. Şimallılar ilk matça cəzalı futbolçusu olmadan çıxacaq.
AVRO-2016-nın seçmə mərhələsi, pley-off
İlk oyunlar
12 noyabr
23:45. Norveç - Macarıstan
13 noyabr
23:45. Bosniya və Herseqovina - İrlandiya
14 noyabr
21:00. Ukrayna – Sloveniya
23:45. İsveç – Danimarka
Cavab oyunları
15 noyabr
23:45. Macarıstan - Norveç
16 noyabr
23:45. İrlandiya – Bosniya və Herseqovina
17 noyabr
21:00. Sloveniya - Ukrayna
23:45. Danimarka – İsveç
- "Qalatasaray" Çalhanoğlu üçün hərəkətə keçdi
- Klopp ilk ev oyununda uduzdu – Məsuliyyəti üzərinə götürdü
- İlkay Gündoğan “Qalatasaray”da xoşbəxt deyil – Yanvarda qərar verəcək
- Messi rekordun bir addımlığında – 76-cı cərimə zərbəsi qolu - VİDEO
- İsveç millisində ciddi itki - YIĞMANIN DÜŞƏRGƏSİNDƏN AYRILDI