[b]Avropa Liqasında 150-ci oyun[/b]
20.08.2015 - 10:02
[b]Avropa Liqasında 150-ci oyun[/b]

Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində bu gün keçiriləcək “Yanq Boyz” (İsveçrə) – “Qarabağ” oyunu daha iki yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Berndəki qarşılaşma Azərbaycan klublarının bu turnirdə 150-ci oyunu olacaq.

 

1994-cü ildə UEFA kubokunda debüt edən təmsilçilərimiz, 2009-cu ildən Avropa Liqası adını daşıyan bu yarışda indiyədək 148 qarşılaşmaya çıxıb.

 

Bu görüşlərdə 39 qələbə qazanıb, 41 heç-heçə edən komandalarımız 68 dəfə uduzub. 134 dəfə rəqib qapılarına yol tapan futbolçularımız 231 qola üzülüb.

 

Bu gün Bakıda keçiriləcək “Qəbələ” – “Panatinaikos” (Yunanıstan) matçı tez başladığından 149-cu, Berndəki oyun isə 150-ci olacaq.

 

Cari mövsümdə 20-ci avrokubok qarşılaşmamız da Berndə olacaq. Bu günə qədər 2015/16 mövsümünün 18 oyunundan yarısında təmsilçilərimiz heç-heçəylə kifayətlənib.  5 qələbə və 4 məğlubiyyəti olan klublarımız 16 qol vurub, 14-nü buraxıb.

 

Qeyd edək ki, Berndəki matç Qurban Qurbanovun “Qarabağ”ın baş məşqçisi postunda 300-cü oyunu olacaq.