Avropada “transfer pəncərəsi” artıq bağlanıb. Apasport.az saytının məlumatına görə, klublar son gündə “transfer bazarı”nda fəallıq göstəriblər.
Əksər nəhəng klublar bir neçə oyunçu almaqla yanaşı, heyətə düşə bilməyən futbolçuları ilə də yollarını ayırıb.
Dünən gecə baş tutan keçidləri diqqətinizə çatdırırıq.
- “Mançester Yunayted” “Monako”nun hücumçusu Antoni Martialı heyətinə qatıb. Bu keçid “qırmızı şeytanlar”a 49,5 milyon avroya başa gəlib.
- “Mançester Yunayted”in hücumçusu Xavyer Ernandes (Çikarito) Almaniyaya köçüb. Meksikalı forvard “Bayer”lə 3 illik müqavilə imzalayıb.
- “Mançester Yunayted”in digər hücumçusu Adnan Yanuzay da Bundesliqada çıxış edəcək. 20 yaşlı forvard Çikaritodan fərqli Dortmund “Borussiya”sı ilə anlaşıb. Belçika yığmasının üzvü cari mövsümü icarə əsasında “Borussiya”da keçirəcək.
- “Sanderlend” “Liverpul”un hücumçusu Fabio Borini ilə güclənib. Bu transfer “qırmızılar”a 10 milyon funt-sterlinq qazandırıb.
- “Vest Bromviç” qapı xəttinə yeni oyunçu alıb. Premyer Liqa təmsilçisi “Mançester Yunayted”in 31 yaşlı qolkiperini bir illik icarəyə götürüb.
- “Volfsburq”un yarımmüdafiəçisi Kevin de Bruyne yenidən İngiltərəyə qayıdıb. “Çelsi”nin sabiq üzvü bu dəfə “Mançester Siti” ilə anlaşıb. “Şəhərlilər” Belçika millisinin oyunçusu müqabilində qarşı tərəfə 75 milyon avro ödəyib. 24 yaşlı oyunçu yeni klubu ilə 6 illik müqavilə imzalayıb.
- “Arsenal” yarımmüdafiəçisi Matye Flamini ilə yollarını ayırıb. Fransalı futbolçunun “Qalatasaray” və ya “Beşiktaş”a keçidi gözlənilir.
- Dortmund “Borussiya”sının müdafiəçisi Kevin Qrosskroyts “Qalatasaray”a keçib. 27 yaşlı cinah oyunçusu yeni klubu ilə artıq rəsmi müqaviləyə qol çəkib.
- “Qalatasaray” “Mançester Siti”nin mərkəz müdafiəçisi Ceyson Denayeri də heyətinə qatıb. Belçika millisinin oyunçusu yeni klubunda icarə əsasında çıxış edəcək.
- Əvəzində “Qalatasaray”ın iki futbolçusu İtaliya “İnter”inə keçib. Bunlar sol cinah müdafiəçisi Aleks Telleş və yarımmüdafiəçi Felipe Melodu. Melonun keçidi “neradzurra”ya 3,7 milyon avroya başa gəlib. Komanda Çempionlar Liqasına vəsiqə qazansa, türklər daha 1,5 milyon avro gəlir əldə edəcəklər. İtalyanlar Telleşi isə 1,5 milyon avro müqabilində bir illik icarəyə götürüblər. “İnter” Telleşi gələn il birdəfəlik transfer etmək istəsə, daha 8,5 milyon avro xərcə düşməli olacaq.
- “Şalke” yarımmüdafiəçisi Yulian Draksleri “Volfsburq”a satıb. Yeni komandası ilə 5 illik müqavilə imzalayan 21 yaşlı oyunçunun keçidi gelzenkirxenlilərə 35 milyon avroya başa gəlib.
- Braziliyanın “Qoyas” klubunun hücumçusu Erik Lima “Fənərbaxça”ya keçib. 21 yaşlı forvardın transferi türkilərə 7,5 milyon avroya başa gəlib. Lakin Lima qış fasiləsinə qədər icarə əsasında “Qoyas”da çıxış edəcək.
- “Roma”nın yarımmüdafiəçisi Adam Lyayiç bu mövsüm “İnter”in formasını geyinəcək. Milan klubu Serbiya yığmasının 24 yaşlı oyunçusunu bir illik icarəyə götürüb.
- “İnter” həmçinin “Volfsburq”un yarımmüdafiəçisi İvan Perişiçlə güclənib. Bu transfer Milan klubuna 20 milyon avroya başa gəlib. Perişiç yeni komandası ilə 5 illik müqavilə imzalayıb.
- Dortmund “Borussiya”sı yarımmüdafiəçisi Yakob Blaşikovskini İtaliyaya göndərib. Belə ki, “Fiorentina” 1 milyon avro qarşılığında polşalı oyunçunu icarəyə götürüb. Florensiya klubu gələn il onu 6 milyon avroya birbaşa transfer etmək hüququna malikdi.
- “Monako”nun müdafiəçisi Aymen Abdennurun “Valensiya”ya transferi rəsmiləşib.
- “Sevilya” “İnter”in müdafiəçisi Marko Andreollini bir illik icarəyə götürüb.
- “Betis”in yarımmüdafiəçisi Xoakin Sançes karyerasını İtaliyada davam etdirəcək. 34 yaşlı oyunçu “Fiorentina”ya transfer olunub.
- “Atletiko”nun yarımmüdafiəçisi Raul Qarsiya “Atletik”lə anlaşıb. 29 yaşlı hücumameyilli futbolçu Bilbao klubu ilə 4 illik müqavilə imzalayıb.
- “Yuventus” “İnter”in yarımmüdafiəçisi Ernaneşi heyətinə cəlb edib. Braziliyalı futbolçu yeni komandası ilə 3 illik sazişə qol çəkib. Turinlilər 11 milyon avro xərcə düşüblər. “İnter” daha 2 milyon avro bonus əldə edə bilər.
- “Yuventus”un müdafiəçisi Paolo de Çelye cari mövsümü icarə əsasında “Marsel”də keçirəcək.
- “Milan” hücumçusu Alessandro Matrini bir il müddətinə “Latsio”ya icarəyə verib.
- “Qalatasaray”ın yarımmüdafiəçisi Blerim Dzemaili “Cenoa”ya bir illik icarəyə verilib.
- “Marsel”in yarımmüdafiəçisi Mario Lemina cari mövsümü icarə əsasında “Yuventus”da keçirəcək.
- “Milan” müdafiəçisi Kristian Zakkardo ilə yollarını ayırıb. 34 yaşlı futbolçu “Karpi” klubu ilə anlaşıb.
- “İnter” yarımmüdafiəçisi Saphir Tayderlə yeni müqavilə imzalamaqdan imtina edib. Əlcəzair millisinin üzvü artıq “Bolonya” ilə müqavilə imzalayıb.
- “Fənərbaxça” “Liverpul”un yarımmüdafiəçisi Lazar Markoviçi icarəyə götürüb.
- “Yuventus” hücumçusu Kinqsli Komanı bir illik “Bavariya”ya icarəyə verib.