[b]Avropanın sonuncusu[/b]
10.11.2017 - 11:41
[b]Avropanın sonuncusu[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin ən zəif komandasıdı. Apasport.az saytının məlumatına görə, keçirdiyi 4 qarşılaşmanın hamısında uduzan yığmamız cari tsikldə ən bərbad nəticəyə malikdi.

 

İsrail və İrlandiyaya eyni – 1:3 hesabı ilə yenilən Yaşar Vahabzadənin yetirmələri sonradan Samir Ələkbərovun başçılığı altında Almaniyadan ağır zərbələr alıb. Səfərdə 1:6, evdə 0:7 hesabı ilə uduzan futbolçularımızın uğursuzluğu hesabına millimiz seçmə mərhələdə xal üzünə həsrət qalan 5 komandadan biridi.

 

Belə ki, San Marino, Lixtenşteyn, Gürcüstan və Malta da yığmamız kimi ancaq məğlubiyyətləri sıralamaqla məşğul olub. Andorra və Cəbəllütariq kimi komandalar isə xal qazanmağa müvəffəq olub.

 

Xal qazana bilməyən komandaların top fərqlərinin müqayisəsinə baxsaq, ən bərbad nəticə məhz Azərbaycan yığmasına məxsusdu. 3 qol vuran və 19-nu buraxan millimizin top fərqi -16-dı.

 

Daha az – 3 oyun keçirən Gürcüstanda (3-11) bu rəqəm -8-di. Qonşularımız həmin “əskik” qarşılaşmada top fərqini daha da pisləşdirmək imkanına malik olduğu kimi xal da qazana bilər. Ardıcıl 4 məğlubiyyət alan “üçlük”dən Malta (3-9) – 6, Lixtenşteyn (1-13) -12, San Marino (0-13) -13 fərqə üzülüb.

 

2019-cu ildə İtaliyada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində 54 yığmanın çıxış etdiyini nəzərə alsaq, millimiz bu komandalar arasında 54-cüdü.

0