Ciddi maliyyə problemləri ilə üzləşən “İnter”in taleyi hələ də qeyri-müəyyəndi. Apasport.az saytının xəbərinə görə, legionerlərini yola salıb, yalnız yerli və gənc futbolçuların ümidinə qalan paytaxt təmsilçisinin Avropa Liqasında çıxışı da sual altındadı.
Futbolçularına maaş ödəmək, ölkə xaricinə səfər etməyə belə çətinlik çəkən “bankirlər”in yaşayıb-yaşamayacağı, fəaliyyətini davam etdirəcəyi halda, bu dəfə hansı “rol”da olacağı da sual doğurur. “Rol” dedikdə əvvəl “Xəzər Universiteti” adını daşıyan “tələbələr”in sonradan “İnter” adlı “bankirlər”ə çevrilməsi göz önünə gəlir. Amma komandanın futbolumuzdakı rolunun da necə olacağı az maraq doğurmur.
“İnter”lə bağlı suallardan biri isə artıq həllini tapmaqdadı. Belə ki, əziyyətlə Avropa Liqasına vəsiqə qazanan klubu əvəzləyə biləcək başqa təmsilçimiz müəyyənləşib.
Bakılılar avrokuboklardan imtinanı rəsmiləşdirsə, onları Avropa Liqasında AZAL əvəzləmək iddiasındadı. Sonuncuların artıq bununla bağlı zəruri addımları atdığı da iddia edilir. Söhbət komandanın hazırlıq planının buna uyğun şəkildə qurulmasından gedir. Üstəlik, “təyyarəçilər” Avropaya “uçmaq” üçün lisenziya da “alıblar”.
Bu da onunla bağlıdı ki, turnir cədvəlinin ikincisi olan “İnter” kimi, 5-ci yerdəki “Simurq” da acınacaqlı günlərini yaşayır. Nəticədə 6-sı pillədəki komanda Avropa Liqasına yollanmağa yaxındı.
Görəsən, “İnter”in AZAL-la əvəzlənməsi futbolumuza nə verəcək?
İlk növbədə diqqəti çəkən təmsilçimizin üzləşəcəyi zərbədi. Belə ki, “İnter” Avropadakı nisbətən uğurlu çıxışı ilə I təsnifat mərhələsinin səpələnmişlər səbətində yer almışdı. AZAL-ı isə zəiflərin yer aldığı səpələnməmişlər səbəti gözləyir.
Bu isə o deməkdi ki, “təyyarəşilər” “İnter”in bəxtinə düşə biləcək komandadan daha güclü rəqiblə üz-üzə gələcək. Burada İngiltərə “Vest Hem”inin olduğunu da qeyd edək. Hərçənd, “bankirlər” üçün belə təhlükə yox idi.
Göründüyü kimi, “İnter”in AZAL-la əvəzlənməsinin ilk mənfi təsiri püşk zamanı istifadə olunan səbətlərdən görünəcək.
Bu dəyişiklik sayəsində püşkdən sonrası ilə bağlı da nikbin azarkeşlərin sayı azalır. Çünki “İnter”in hər dəfə 1 mərhələ keçməsinə adət etdiyimizdən onların 2-ci raundda dayanmasını da uğursuzluq kimi qəbul edirdik. Hər halda, 6 avrokubok mövsümünün 4-də mərhələ keçən “bankirlər” belə fikir formalaşdırmışdı.
AZAL üçün isə elə 1 mərhələ keçmək də böyük uğur kimi dəyərləndiriləcək. Çünki paytaxt klubu tarixində bunu bacarmayıb. İki dəfə Avropaya çıxan “təyyarəçilər” o qədər də güclü olmayan rəqiblərlə bacarmamışdı.
7 il əvvəl Serbiya “Voyvodina”sı, 4 il öncə isə Belarus təmsilçisi “Minsk”i keçə bilməyən bakılılar 4 qarşılaşmada qələbə də qazana bilməmişdi. Ən yaxşı halda, 2 heç-heçəyə sevinən AZAL-a böyük ümid bəsləyən çətin ki, tapılsın. “İnter”dən “Neftçi” və “Qarabağ”ın ardından qrupa düşməyi tələb etmək də olardı. Təbii ki, əvvəlki “İnter”dən. AZAL-dan isə cəmi 1 mərhələ də tələb etmək bəlkə də çox olardı.
Axı avrokuboklarda keçirdiyi 24 oyunda 11 qələbə qazanan “bankirlər”dən fərqli, həmşəhərliləri hələ qalib gəlməyib. “İnter”in mərhələ keçmək səriştəsinin olması ilə yanaşı, Avropa Liqasına vəsiqənin məhz onların haqqı olduğu da yaddan çıxmamalıdı.
Hər halda, “bankirlər” fəaliyyətini davam etdirməyə güc tapsa, avrokuboklarda da özləri oynamalıdı. Çünki başqasının imtinasından istifadə edənlərin taleyi yaxşı olmur. 2006-cı ildə İntertoto kubokunda oynamaqdan imtina edən klublarımızın çoxluğu “MKT-Araz”ın yolunu açmışdı. Turnir cədvəlinin 9-cusu olan komanda isə Avropada Moldova “Tiraspol”u kimi bir rəqibi də keçə bilməmişdi.
Düzdü, “İnter”in imtinası üzündən avrokuboklara yolu açılan AZAL-ı qınamaq ədalətsizlik olar. Çünki “bankirlər” imtinanı rəsmiləşdirsə, kimsə onları əvəz etməlidi. Amma “İnter” öz tarixinin 11 il əvvəlki dövrünü xatırlayıb, Avropa Liqasına qatıla da bilər. 2004-cü ildə “Xəzər Universiteti” İntertoto kubokuna vəsiqə qazanmışdı. Klubun hər şeyi – rəhbərliyi, adı, loqosu, heyəti dəyişsə də, avrokuboklarda məhz “tələbələr” oynadı və texniki qələbəylə də olsa, mərhələ keçdi.