[b]Azərbaycan – Moldova: kim necə oynadı? [/b]
18.11.2015 - 12:19
[b]Azərbaycan – Moldova: kim necə oynadı? [/b]

Yığma komandamız 2015-ci ili major notda bitirdi. Apasport.az saytının məlumatına görə, baş məşqçi Robert Prosineçkili millimiz gənc futbolçularla Moldova üzərində qələbə (2:1) qazanmağı bacardı.

 

Yoldaşlıq görüşü olduğundan, xorvatiyalı mütəxəssis əsasən heyətə düşə bilməyən futbolçulara özlərini göstərmək imkanı yaratdı. Təsadüfi deyil ki, dünənki qarşılaşmada millimizin heyətində 6 futbolçu debüt etdi. Bundan maksimum dərəcədə yararlanan da oldu, meydançada var-gəl edən də. Tək-tək dəyərləndirdikdə, kimlərin daha yaxşı oynadığını və kimlərin ümidləri doğrultmadığını müəyyən etmək çətin deyil.

 

Səlahət Ağayev – İlk dəqiqələrdən “çərçivə”də olan “İnter”in qolkiperinə çox iş düşmədi. Çünki rəqib komanda kəsərli hücumlar qura bilmirdi. Moldovalılar birinci hissədə cəmi bir dəfə qapımıza tərəf yaxınlaşdılar, onda da toru silkələdilər. Lakin buraxılan qola görə Səlahəti qınamaq doğru olmaz. Çünki Aleksandr Antonyuk təktətək epizodda, özü də yaxın məsafədən fərqləndi.

 

Bədavi Hüseynov – Yorucu mövsüm keçirən “Qarabağ”ın müdafiəçisi bu dəfə mərkəzdə Rəşad Sadıqovla deyil, Maksim Medvedevlə tandem təşkil edirdi. Düzdü, Bədavi Maksimlə də eyni klubda çıxış edir. Lakin rəqib hücuma keçərkən onların bir-birilərini tamamlamadıqları aşkar görünürdü. Elə buraxılan qolda da cütlüyün mövqe səhvinin rolu az olmadı. Rəqib çox hücum etmədiyindən, Hüseynovun əsas işi geridən hücumlar qurmaq idi. Ancaq yaradıcılıq baxımından problemi olduğundan, Rəşadın vəzifəsini yerinə yetirməyi bacarmırdı.

 

Maksim Medvedev – Müdafiənin mərkəzində yer alan Medvedevin bu mövqeyə yad olduğunu görmək çətin deyildi. Moldova hələ çox hücuma atılmadığından, Maksimə çox əziyyət düşmədi. Lakin rəqibin azsaylı hücumları zamanı özünü itirirdi. Buraxılan qol da Maksimin passivinə yazılmalıdı. Çünki mövqe səhvi etdiyindən, sürətdə rəqib hücumçusuna uduzub, onun Səlahətlə təkbətək çıxmasına mane ola bilmədi. Yığmamız bir qədər güclü komanda ilə qarşılaşsaydı, Medvedev yəqin ki, daha çox səhvlərə yol verərdi.

 

Arif Daşdəmirov – Müdafiənin sol cinahında oynamağına öyrəşdiyimiz “Qəbələ”nin futbolçusu həmişəki kimi, stabil çıxışı ilə diqqət çəkdi. Moldovalılar, demək olar ki, ona çətinlik törədə bilmədilər. Əksinə, Daşdəmirov özü tez-tez hücumlara qoşularaq, rəqib müdafiəçilərinə çətin anlar yaşadırdı.

 

Pavel Paşayev – Baş məşqçi Robert Prosineçkinin israrla yığmaya çağırdığı Paşayev dünən debüt etdi. Lakin bu oyunla düşünmürəm ki, Prosineçkinin ümidlərini doğrultdu. Dünənki çıxışına əsasən demək olar ki, Pavel nə Məhəmməd Mirzəbəyovdan, nə də “İnter”li İlkin Qırtımovdan yaxşıdı. Əksinə, adlarını sadaladığım oyunçular hazırkı vəziyyətdə milliyə ondan çox xeyir verərlər.

 

Qara Qarayev – Son vaxtlar enişdə olan “Qarabağ”ın yarımmüdafiəçisi bu matçda da heç nə ilə yadda qalmadı. Bu il olduqca zəif təsir bağışlayan gənc futbolçu orta sahədə dirijorluğu istənilən səviyyədə bacarmır, hücumların qurulmasında fəal iştirak edə bilmir. Bu cür oynamaqda davam etsə, Qarayev həm yığmadakı, həm də klubundakı mövqeyini əldən verəcək.

 

Rahid Əmirquliyev – Bu ili gözəl keçirən Rahid dünən yığmamızı kapitan kimi meydançaya çıxarmışdı. Qoluna taxdığı sarğıya layiq olduğunu oyunu ilə sübut etdi. Həm müdafiəyə, həm də hücuma verdiyi dəstəklə seçilən Rahid ikinci qolun da məhsuldar ötürməsini verməklə, yığmanın ən yaxşılarından olduğunu bir daha göstərdi.

 

Rəhman Hacıyev – Yığmanın heyətində ilk oyununa çıxan Rəhman debüt matçını elə də pis keçirmədi. Hücumçunun arxasında yer alan gənc oyunçu sürətli reydlərlə və hücuma fəal qoşulmaqla rəqib müdafiəçilərini daim gərginlikdə saxlamağı bacardı.

 

Əfran İsmayılov – Əfran da özünü yaxşı tərəfdən göstərənlərdən biri idi. Sağ cinahda Pavel Paşayevdən istədiyi dəstəyi almasa da, təkbaşına təhlükəli keçidlər etməyi bacarırdı. Əfranın yeganə çatışmayan cəhəti rəqibin cərimə meydançasına yaxınlaşanda özünü itirməsi, düzgün qərar verə bilməməsidi. Vurulan ikinci qolda onun da əməyi az olmadı. Bir epizodda isə gözəl ötürmə ilə Elşən Rzazadəni qapıçı ilə üzbəüz qoydu.

 

Elvin Məmmədov – Uzun fasilədən sonra yığmanın formasını geyinən Məmmədov şübhəsiz ki, komandamızın ən yaxşısı idi. Sol cinahda çıxış edən Elvin həm texnikası, həm də ağıllı ötürmələri ilə qələbədə böyük rol oynadı. Yığmamızın birinci qolunu məhz Elvinin aktivinə yazmaq lazımdı. Çünki sol cinahdan bir müdafiəçidən məharətlə sıyrıldı və ötürməsi ilə rəqib oyunçusunu topu öz qapısına göndərməyə məcbur etdi. Bu cür oynamağa davam etsə, tezliklə yenidən əvvəlki Elvini görə bilərik.

 

Ruslan Qurbanov – Prosineçkinin çağırmaqda və oynatmaqda israr etdiyi Qurbanov da israrla yığmaya layiq olmadığını göstərir. Dünən onun millimizin hücumçusu, yoxsa Moldovanın müdafiəçisi qismində çıxış etdiyi bilinmədi. Bir neçə dəfə əlverişli mövqeyə çıxmasına baxmayaraq, komanda yoldaşlarının əziyyətini hədər etdi. Bir dəfə isə qapıçı ilə təkbətək dueldə topa olduqca uğursuz zərbə vurdu. Bununla kifayətlənməyən Qurbanov bir epizodda da qapıya gedən topu kürəyi ilə qaytararaq, Moldova yığmasının qolkiperinə kömək etdi.

 

Aqil Məmmədov – Yığmada debüt edənlərdən olan “Neftçi”nin qapıçısına meydançada olduğu 45 dəqiqə ərzində bir dəfə də olsun, düz-əməlli top gəlmədi. Cəmi bir dəfə Moldova təhlükəli hücum qurdu. Onda da zərbədən sonra dirəyin yanından keçən topu Məmmədov seyr etməklə kifayətləndi.

 

Ürfan Abbasov – İlk dəfə yığmada çıxış etmək imkanı qazanan və son 20 dəqiqədə meydançada olan “Qəbələ”nin müdafiəçisi heç nə ilə yadda qalmadı. Ürfan bu müddətdə nə müdafiədə əziyyət çəkdi, nə də hücuma kömək etdi.

 

Elşən Rzazadə - “Xəzər Lənkəran”ın gənc oyunçusu matça fəal qoşuldu. Debüt oyununda hətta qol da vura bilərdi. Lakin qapıçı ilə təkbətək çıxsa da, çətin olanı etdi və topu kənara vurdu.

 

Ağabala Ramazanov – İkinci 45 dəqiqədə meydançada olan Ağabala çox yaxşı təsir bağışladı. 49-cu dəqiqədə gözəl kombinasiyanı qola çevirməyi bacardı. Bir epizodda sürəti sayəsində rəqib müdafiəçidən sıyrılaraq qapıçı ilə təkbətək çıxsa da, şansı əldən verdi. Son dəqiqələrdə isə sağ cinahdakı gözəl reydi sayəsində soyuq havada azarkeşləri coşdurdu. Bir sözlə, hücumçu sarıdan əziyyət çəkdiyimiz bu ərəfədə Ramazanovdan yararlanmaq olar. Ən azı Ruslan Qurbanovdan qat-qat yaxşı formadadı.

 

Tərlan Quliyev – Matça əlavə olunmuş 2 dəqiqəni meydançada keçirən Quliyevlə bağlı nəsə fikir bildirmək doğru olmaz.

 

Rəşad Eyyubov – “Kəpəz”in digər oyunçusu olan Eyyubov da çıxışına qiymət veriləcək qədər oynamadı. Meydançada olduğu qısa müddətdə heç nə ilə yadda qalmadı.

 

Ruslan SADIQOV