[b]Azərbaycan çempionu bu şəhərlərdən birində oynayacaq[/b]
18.10.2016 - 20:22
[b]Azərbaycan çempionu bu şəhərlərdən birində oynayacaq[/b]

Futzal üzrə UEFA kubokunun elit-raundunun keçiriləcəyi şəhərlər açıqlanıb. Apasport.az-ın UEFA-nın saytına istinadən məlumatına görə, qitənin ali futbol qurumu bu dəfə daha 4 şəhəri ev sahibi kimi təqdim edib.

 

Belə ki, elit-raunudun iştirakçılarından “Nasional” (Zaqreb, Xorvatiya), “Sportinq” (Porto, Portuqaliya), “Kayrat” (Almata, Qazaxıstan) və “Brezye” (Maribor, Sloveniya) öz qruplarında keçiriləcək oyunlara ev sahibliyi edəcəklər.

 

Bu mərhələnin püşkü oktyabrın 21-də atılacaq. Komandalar püşkatma mərasimi zamanı 3 səbətə bölünəcəklər ki, ilk səbətdə seçmə mərhələdən azad olan “Dinamo” və “Yuqra” (hər ikisi Rusiya), “İnter” (İspaniya) və “Kayrat” (Qazaxıstan) yer alacaqlar.

 

İkinci səbətdən Azərbaycan çempionu “Araz” da daxil olmaqla seçmə mərhələnin qrup qalibləri püşkə qatılacaqlar. Bunlar təmsilçimizlə yanaşı, “Györi” (Macarıstan), “Nikars” (Latviya), “Ekonomaç” (Serbiya), “Sportinq” (Portuqaliya) və “Xrudim” (Çexiya) klublarıdır.

 

Sonuncu, üçüncü səbət isə qrup ikincilərindən – “Brezya” (Sloveniya), “Feniks” (Kosovo), “Hamburq” (Almaniya), “Nasional” (Xorvatiya), “Real” (İtaliya), “Tarqu-Mureş” (Rumıniya) komandalarından təşkil olunub.

 

Qeyd edək ki, elit-raundun oyunları 22-27 noyabr tarixləri arasında keçiriləcək.

0