[b]Azərbaycan futbolu üçün yeni mövsüm start götürür [/b]
02.07.2014 - 10:14
[b]Azərbaycan futbolu üçün yeni mövsüm start götürür [/b]

Sabah Azərbaycan futbolu üçün yeni mövsüm başlayacaq. Apasport.az saytının məlumatına görə, hər il olduğu kimi, 2014/15 mövsümü də klublarımızın avrokuboklardakı çıxışı ilə start götürəcək.

 

1994/95 mövsümündə qitə kuboklarında debüt edən Azərbaycan komandaları 19-cu dəfə Avropa səhnəsində start xəttinə çıxır.

 

Avropa Liqasının dünən start götürən I təsnifat mərhələsində mübarizəyə qoşulacaq hər iki təmsilçimiz meydana sabah çıxacaq. Topaz Premyer Liqasının gümüş mükafatçısı “İnter” və yarışın bürünc medalının sahibi, kubokun finalçısı “Qəbələ” qitə kuboklarında ilk görüşünü keçirəcəklər.

 

Mövsümün ilk oyunu Qəbələdə baş tutacaq. Tarixində ilk dəfə avrokuboklarda oynayacaq eyniadlı komanda Bosniya və Herseqovinanın “Şiroki Briyeq” klubunu qəbul edəcək. İlk dəfə bu şəhərdə keçiriləcək qitə miqyaslı oyuna debütant qismində çıxacaq “Qəbələ” Dorinel Muntyanunun rəhbərliyi altında ilk qarşılaşmasında qüvvəsini sınayacaq.

 

Sloveniya toplanışı zamanı heyətini də gücləndirən “qırmızı-qaralar” 10 il əvvəl Azərbaycanı başıaşağı tərk edən Şiroki Briyeqin eyniadlı təmsilçisini məğlub etməlidi. Bir həftə sonra səfərdə keçiriləcək görüşdə işinin asan olması üçün “Qəbələ” qapısını da toxunulmaz saxlamalıdı. 2004/05 mövsümündə Çempionlar Liqasında “Neftçi”yə öz meydanında buraxdığı qolla (2:1, 0:1) uduzan herseqovinalılar bu dəfə uğur qazanmaq iddiasındadı.

 

Qəbələdəki oyun başa çatandan sonra digər təmsilçimiz “İnter” meydana çıxacaq. Avrokubokların demək olar daimi iştirakçısına çevrilən bakılılar Moldovada “Tiraspol”la görüşəcək. 8 il əvvəl digər Azərbaycan klubu “MKT-Araz”ı avrokuboklardan kənarlaşdıran (0:1, 2:0) Tiraspolun eyniadlı təmsilçisi uğurunu təkrarlamağa çalışacaq.

 

Həmin görüşün iştirakçılarından olan Asif Məmmədov və Arif Daşdəmirovun da yer aldığı “İnter” klublarımızın Moldova sindromunu qırmağa çalışacaq. Belə ki, indiyədək Azərbaycan komandaları bu ölkədən olan rəqibləri ilə mübarizədə mərhələ adlaya bilməyib. Lakin son 2 mövsümün hərəsində 1 mərhələ adlayan Kaxaber Sxadadzenin yetirmələri bu seriyanı 3-ə çatdırmaq niyyətindədir.

 

Qeyd edək ki, cavab oyunları iyulun 10-da keçiriləcək.

 

 

Avropa Liqası

I təsnifat mərhələsi, ilk oyunlar

3 iyul

 

20:00. “Qəbələ” (Azərbaycan) – “Şiroku Briyeq” (Bosniya və Hersoqovina)

Baş hakim: Artyom Kuçin

Baş hakimin köməkçiləri: Yevgeniy Belskiy, Rustam Suyunov

Dördüncü hakim: Denis İzmaylov (hamısı Qazaxıstan)

Hakim-inspektor: Kornelis A. Bakker (Hollandiya)

Qəbələ. Şəhər stadionu

 

22:00. “Tiraspol” (Moldova) – “İnter” (Azərbaycan)

Baş hakim: Ante Vuçemiloviç

Baş hakimin köməkçiləri: Dalibor Conjar, Hrvoje Barişiç

Dördüncü hakim: Damir Batiniç (hamısı Xorvatiya)

UEFA nümayəndəsi: Oljas Abrayev (Qazaxıstan)

Tiraspol. “Şerif” İdman Kompleksinin kiçik arenası