Azərbaycan futbolunda daha bir “lipa” faktı üzə çıxıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, U-17 liqasında keçirilmiş “Kəpəz” – “Mil-Muğan” qarşılaşmasında lisenziyası olmayan futbolçu iştirak edib.
Belə ki, noyabrın 27-də baş tutmuş görüşdə qonaq komandanın heyətində “lipa” aşkarlanıb. Bu səbəbdən AFFA İntizam Komitəsi “Mil-Muğan”a texniki məğlubiyyət (0:3) verib.
Bundan başqa, U-14 liqasında “Mançester Yunayted” – “Sumqayıt”, U-10 liqasında isə “Xəzri” İK – MOİK matçlarında qonaq komandalar iştirak etmədiklərinə görə, texniki məğlubiyyətlə üzləşiblər. U-10 liqasında “Qədirli” (Tovuz) – UGİM (Qazax) görüşündə UGİM-in heyətində yetərsay olmadığı üçün meydan sahibləri qalib elan olunublar.
U-13 qızların çempionatında isə “Mil-Muğan” (İmişli) – “Tomris” (Gəncə), “Qubek” (Balakən) – “Dinamo” (Baləkən), UGİM (Şəki) – UGİM (Qax) qarşılaşmalarında meydan sahibləri, “Qusar” – “Təhsil” FM matçında qonaqlar, “Gənclik” (Şəki) – “Qabaqçöl” (Balakən) oyununda isə hər iki komanda yaş limitini pozduğuna görə, 0:3 hesablı texniki məğlubiyyət alıblar.
Eyni zamanda U-13 qızlar liqasında “Əhmədli Yunayted” – “Autimzlilərin İK” görüşündə qonaqların heyətində yetərsay olmadığı, U-16 qızlar liqasında isə UGİM (Naftalan) – “Əhmədli Yunayted” matçında ikincilər yaş limitini pozduğuna görə texniki məğlubiyyət alıblar.