Premyer Liqanın XIII turunda “Neftçi” ilə oyunu satmaqda ittiham edilən “Keşlə”nin kapitanı Nizami Hacıyevi ciddi cəza gözləyir. Apasport.az saytının məlumatına görə, dünən müvafiq orqanlar tərəfindən saxlanılan 29 yaşlı yarımmüdafiəçinin əvvəllər də danışılmış oyunlarda iştirak etdiyi iddia olunur.
Məsələ burasındadı ki, “Keşlə”nin son məğlubiyyətlərinin əsas səbəbkarlarından sayılan futbolçunun öncəki mövsümlərdəki çıxışı da şübhə doğurub. Elə bu səbəbdəndi ki, onun son dönəmlərdəki oyunları gizli şəkildə araşdırılıb.
Noyabrın 13-də AFFA-nın inzibati binasında keçirilən iclasda da məsələ müzakirəyə çıxarılıb. AFFA-nın baş katibi Elxan Məmmədov, PFL-in prezidenti Ramin Musayev və İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqovun iştirakı ilə keçirilən görüşdə klub nümayəndələri ilə ötən mövsüm danışılmış oyunlarla bağlı ortaya çıxmış problemlər gündəmə gətirilib.
Yanvarda “Neftçi” ilə müqavilə imzalamağa hazırlaşan Hacıyev noyabrın 25-də bu komandaya qarşı matçın birinci hissəsini olduqca zəif keçirmiş və fasilədə əvəzlənmişdi. Oyun alverində çoxdan şübhəli bilinən Hacıyevin “Neftçi” ilə qarşılaşmanı satması faktı bardağı daşıran son damla olub.
İddialara görə, onun son illər Azərbaycan millisinə dəvət almamağının səbəbi də məhz danışılmış oyunlarda iştirakıdı. Axırıncı dəfə Berti Foqtsun dönəmində dəvət almış futbolçunun uzun müddətdi yığmanın formasını geyinməsinə bu üzdən icazə verilməyib.
Qeyd edək ki, Nizami Hacıyev millinin heyətində 3 oyun keçirib, 1 qola imza atıb.