“Barselona”nın yarımmüdafiəçisi İvan Rakitiçin barmağı qırılıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, hadisə Çempionlar Liqasının 1/4 final mərhələsində “Roma” ilə cavab qarşılaşmasında baş verib.
Belə ki, görüşün gedişində əlindən xəsarət alan xorvatiyalı oyunçunun tibbi müayinədən sonra barmağının qırıldığı aşkarlanıb. Bu üzdən Rakitiç yaxın günlərdə əməliyyat olunacaq. Onun bərpa prosesi məhz əməliyyatın nəticəsindən asılı olacaq. Lakin ilkin ehtimala görə, 30 yaşlı futbolçu İspaniya Kral Kubokunun “Sevilya” ilə final (21 aprel) qarşılaşmasına qədər sıraya dönə bilər.
Qeyd edək ki, ilk matçda “Roma”ya 4:1 hesabı ilə qalib gələn “Barselona” cavab qarşılaşmasında 0:3 yenilərək, mübarizəni dayandırıb.