[b]Belqrada getmək üçün...[/b]
21.09.2015 - 15:59
[b]Belqrada getmək üçün...[/b]

Futzal üzrə milli komandamız sabah Avro-2016-nın pley-off mərhələsi çərçivəsində Slovakiya ilə cavab görüşünə çıxacaq. Apasport.az saytının məlumatına görə, yığmamız bu görüşdə sərfəli nəticəyə imza atacağı təqdirdə, adını Serbiyada keçiriləcək Avropa çempionatının final mərhələsinə yazdıracaq.

 

Slovakiya ilə Bakı İdman Sarayında baş tutan ilk qarşılaşmada komandamız 3:1 hesablı qələbə qazanmışdı. Millimizin heyətində Amadeu və Vitali Borisov fərqləndikləri halda,  digər qolu slovakların futzalçısı Kozar öz qapısına vurmuşdu. 

 

Perez Faustinonun yetirmələri cavab görüşü öncəsi üstün tərəfdilər. Belə ki, komandamıza qələbə və istənilən heç-heçədən əlavə, minimal hesablı məğlubiyyət də sərf edir. Trnavada 2 və daha artıq qol vuracağımız halda, hətta 2 top fərqli məğlubiyyət də komandamızı final mərhələsinə daşıyacaq.  

 

Bakıda vurduğu 1 qol Slovakiya millisinin mərhələ adlamaq istəyini artırır. Hər halda, cavab görüşündə 2:0 hesabı slovaklara sərf edir. Bu mənada, yığmamız Bakıdakı hesaba arxayınlaşmayıb, səfərdə də qol vurmağa çalışmalıdı.

 

Qarşılaşmanı Finlandiyadan olan hakimlər briqadası yerinə yetirəcək. Baş hakim funksiyasını isə Timo Onatsu icra edəcək.

 

Qeyd edək ki, Avro-2016-nın final mərhələsi gələn il, 2-13 fevral aralığında Serbiyanın Belqrad şəhərində keçiriləcək.

 

 

22:00. Slovakiya – Azərbaycan

Hakimlər: Timo Onatsu, Toni Lehtinen, Olli Niemela (Finlandiya)

Trnava. Mestska İdman Sarayı