“Toplanış yüksək səviyyədə keçdi. Düzdü, bəzi oyunlar ürəkaçan olmadı, uduzduq. Buna baxmayaraq, çempionata hazırlıq baxımından uğurlu toplanış keçdiyimizi düşünürəm. Artıq “Bakı” ilə matçı düşünürük. Əminəm ki, azarkeşlər tam fərqli, yeni “Qəbələ” izləyəcəklər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ”nin yarımmüdafiəçisi Bəxtiyar Soltanov deyib.
Mövsümə “Araz Naxçıvan”da başlayan 26 yaşlı futbolçu bu komandanın fəaliyyətini dayandırması ilə “Qəbələ”yə üz tutdu. Millimizin sabiq üzvü həmin vaxtlar onu tənqid edənləri hələ də unuda bilmir: “İddialı komandadan aşağı səviyyəli kluba keçəndə istər-istəməz çətin olur. Etiraf edirəm ki, “Araz Naxçıvan”da o qədər də yaxşı oynaya bilmədim. Amma indi yenidən iddialı klubdayam və özümü göstərirəm. Mən hələ “Araz Naxçıvan”a gedəndə çoxları Bəxtiyar Soltanovun tükəndiyini düşünürdü. İndi həm də həmin şəxslərə meydandakı oyunumla cavab vermək istəyirəm”.
Aleksey Qay və Ruslan Fominin transferi Soltanovun əsas heyətə düşmək şansını bir qədər azaldıb. Lakin futbolçu hesab edir ki, ukraynalılarla rəqabət aparacaq gücdədi: “Onsuz da limit var, yerli futbolçular da oynamalıdı. Digər tərəfdən, rəqabət futbolçuların sürətli inkişafına təkan verir. Kim güclü olacaq, o da oynayacaq”.