[b]Bonilla və onun yoxluğunu gözləyənlər[/b]
16.05.2016 - 15:20
[b]Bonilla və onun yoxluğunu gözləyənlər[/b]

Topaz Premyer Liqasının ən yaxşı bombardirinin adına sonuncu tur aydınlıq gətirəcək. Apasport.az saytının məlumatına görə, XXXV turdan sonra bu mükafata üç əsas iddiaçı qalıb.

 

Hazırda Nelson Bonilla (“Zirə”) və Dani Kintana (“Qarabağ”) eyni sayda – 14 qol vurublar. Onlardan bir top geri qalan Ruslan Qurbanovun (“Neftçi”) hesabında 13 qol var.

 

Əgər mövsüm indi başa çatsaydı, bombardirlər yarışının qalibi Nelson olardı. Çünki salvadorlu legioner Dani ilə müqayisədə daha az – 29 oyunda meydana çıxıb. İspaniyalı isə 14 qolu 31 matçda vurub.

 

Lakin sonuncunun üstünlüyü ondan ibarətdi ki, AZAL-la XXXVI turun qarşılaşmasında qol hesabını artıra bilər. Bonilla isə cəzalı duruma düşdüyündən belə imkandan məhrumdu və çempionatı 29 oyundakı 14 qolla bitirəcək.

 

Bu iki oyunçunun mübarizəsinə Qurbanov da müdaxilə edə bilər. Lakin ona 1 qol vurmaq kifayət etmir. Çünki milliləşən rusiyalı 30 matçda 13 dəfə fərqlənib. O, qol sayında Nelsona çatsa da, daha çox oyun keçirdiyindən geridə qalacaq. Lakin rəqib “Sumqayıt” olduğundan Qurbanov o qədər də iddialı olmayan rəqibə 2 və ya daha çox qol vura bilər. Onun göstəricisi Dani ilə eyni olsa, 1-ci yeri də məhz Ruslan tutacaq.

 

Bombardirlər yarışında 4-cü olan Amil Yunanovun mükafat qazanmaq şansı isə minimuma bərabərdi. 23 matçda 11 qol vuran “Sumqayıt”lı liderlərə çatmaq üçün “Neftçi”ylə görüşdə het-trik etməlidi. Bu inandırıcı görünməsə də, Amil bunu bacarsa, daha az oyun keçirdiyindən üstünlük qazanacaq. 

0