“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev “Qarabağ”la Topaz Premyer Liqasının XXXII turunda keçirilən oyundan (1:1) sonra fikirlərini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, “ağ-qaralar”ın çalışdırıcısı rəqib komandanı tərifləyib: “Bu gün bir-birinə layiq iki komanda mübarizə aparırdı. Heyətimizdə bir neçə futbolçu yox idi. Fikrimcə, heç-heçəlik oyun deyildi. Rəqib qapıçının cərimə meydançasından kənarda oynamasına və Reynaldonun ilk dəqiqələrdəki hərəkətinə qırmızı vərəqə verilməli idi. Yəqin ki, “Qarabağ” bu il çempion olacaq, onlara uğurlar arzulayıram. “Neftçi”nin Avropada göstərdiyi nəticəni təkrar etsələr, biz də sevinərik. Gənc futbolçularımız çoxdur, çəkinmədən onlara şans veririk. İstədiyimiz an, istədiyimiz rəqibə sübut edərik ki, biz varıq. Məşqçi kimi mənim səhvlərim olub. “Qarabağ”da seleksiya işləri yüksək səviyyədədir. “Qarabağ” bu cür heyətlə qrup mərhələsinə düşməyəcəksə, bəs nə vaxt düşəcək?”.