“Həqiqətən də, Azərbaycana qayıtmaq variantım var idi. Adını çəkməyəcəm, bir klubla danışıq aparırdım. Amma danışığımız baş tutmadı”. Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq üzvü Branimir Subaşiç deyib.
Karyerasını Türkiyənin PTT I Liqa klubu “Manisaspor”da davam etdirən 34 yaşlı hücumçu Azərbaycana qayıtmaq istədiyini bildirib.
Subaşiç bunun üçün yayı gözləyəcəyini deyib: “Əslində, “Manisaspor”dakı vəziyyətim ürəyimcədi. Buna baxmayaraq, Azərbaycana dönmək istəyirəm. Ölkəniz mənim üçün doğmadı. İndi keçidim alınmadı. Amma yayda hər şey ola bilər”.
Kamran Ağayevin “Kayserispor”a keçidi haqda da fikirlərini bölüşən Subaşiç onun yeni klubunda əsas heyət oyunçusu olacağını bildirib: “Kamran yaxşı qapıçıdı. Onun Türkiyəyə gəlişinə sevindim. Məncə, “Kayserispor”un əsas qapıçısına çevrilə biləcək. Hər şey özündən asılıdı. Kamran Azərbaycan yığmasının heyətində böyük təcrübə toplayıb. Bu ona kömək olacaq”.
Qeyd edək ki, vaxtilə “Neftçi”, “Qəbələ”, “Xəzər Lənkəran” və “Qarabağ” klublarının formasını geyinmiş Subaşiç Azərbaycan yığmasında 40 oyunda 7 qol vurub.