“Yuventus”un qapıçısı Canluici Buffon son 25-30 ildə İtaliyanın ən istedadlı hesab etdiyi futbolçularının adlarını açıqlayıb. Apasport.az saytı xəbər verir ki, “Football İtalia” nəşrinə danışan 40 yaşlı qolkiper artıq karyeralarını bitirmiş şəxsləri fərqləndirib.
Buffonun fikrincə, bunlar Françesko Totti, Alessandro Del Pyero, Andrea Pirlo və Roberto Baccodu. Təcrübəli çərçivə qoruyucusu seçimini belə izah edib: “Tottini U-15 yığmasından tanıyıram. Təxminən 25 il eyni vaxtda oynamışıq. Bölüşdüyümüz xüsusi anlar olub. Onunla yanaşı, Del Pyero, Pirlo və Bacco İtaliyanın ən istedadlı futbolçularıdı. Təbii ki, mən hücumameylli oyunçulardan bəhs edirəm”.
“Ən güclü italiyalı müdafiəçilər kimlərdi” sualına isə Buffon belə cavab verib: “Paolo Maldini, Alessandro Nesta və Fabio Kannavaro”.
Qeyd edək ki, 2001-ci ildən “Yuventus”un formasını geyinən Canluici Buffon 1997-2017-ci illər ərzində İtaliya yığmasının şərəfini qoruyub. O, “Skuadra Adzurra”nın heyətində 175 oyun keçirib.