“Millinin heyətinə çağırılmağım sürpriz oldu deyəndə ki, mən bunun üçün çalışırdım. “İnter”in heyətində yaxşı oyun göstərməklə, Robert Prosineçkinin diqqətini cəlb etmək istəyirdim. Sevindirici haldı ki, gənc yaşımda əsas milliyə dəvət aldım”. Bu sözləri apasport.az saytına açıqlamasında “İnter” klubunun yarımmüdafiəçisi Coşqun Diniyev deyib.
Yığmanın baş məşqçisi Robert Prosineçkinin bu gün açıqladığı ilk heyətdə Coşqun Diniyevin də adı var. Karyerası ərzində ilk dəfə Azərbaycanın əsas yığmasına dəvət alan istedadlı futbolçu sevincini gizlətməyib. Təcrübəli mütəxəssis Şahin Diniyevin oğlu olan Coşqun millidə yerini möhkəmləndirməyə çalışacağını dilə gətirib: “Yığmaya dəvət almaqla iş bitmir. Orda özümü yaxşı tərəfdən göstərib, ümidləri doğrultmalıyam. Millidə möhkəmlənə bilib-bilməyəcəyimi indidən deməyim düz çıxmaz. Mən yığmaya 1-2 toplanışlıq yox, mütəmadi dəvət almaq istəyirəm. Bunun üçün çox çalışmalıyam. Millidə mənim mövqeyimdə güclü oyunçular var. Onlarla rəqabətə hazıram. Gücüm çatdığı qədər mübarizə aparacam. Bu, futboldu və hər kəs özünü göstərib, heyətdə yer ala bilər. Mən də çalışacağam ki, ilk toplanışdaca özümü yaxşı tərəfdən göstərim”.
Diniyev əsas yığmaya qədər yüksəlməsində “İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin böyük pay sahibi olduğunu vurğulayıb: “Ən böyük səbəbkar Sxadadzedi. Üzərimdə əziyyəti çoxdu. Mənə güvəndi, “İnter”in əsas heyətində şans verdi. Əgər Sxadadze mənə inanmasaydı, əsas milliyə dəvət almazdım. Ona çox borcluyam”.
Gənc futbolçu millidə oynamağın şərəf və məsuliyyətli olduğunu dərk etdiyini bildirib: “Düzdü, futbolçu yaşdan asılı olaraq, bu məsuliyyəti daha yaxşı dərk edir. Amma mənim atam futbolçu olub, vaxtilə özü də yığmanın şərəfini qoruyub. O mənə millidə oynamağın nə olduğunu başa salıb. Mən bu məsuliyyəti dərk edirəm və yığmanın şərəfini qorumağa hazıram”.
Qeyd edək ki, Azərbaycan yığması fevralın 20-dən 26-dək Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışı keçəcək. Millimiz toplanış çərçivəsində ayın 24-də Ukraynanın “Şaxtyor” klubu ilə yoxlama görüşündə qüvvəsini sınayacaq.
Tengiz MƏMMƏDOV