“Qarabağ”ın braziliyalı futbolçusu Çumbinyo avrokuboklarda ikinci qolunu vurub. Apasport.az saytının məlumatına görə, tam adı Marinaldo da Silva olan cənubi amerikalı Çempionlar Liqasının II təsnifat mərhələsinin “Valletta” ilə görüşündə matçın taleyini həll edən topa imza atıb.
Bunadək avrokuboklarda 1 dəfə fərqlənən yarımmüdafiəçi qol hesabını 2-yə çatdırıb. Lakin Çumbinyo iki ilkə də imza atıb. Braziliyalı həm “Qarabağ”ın, həm də özünün qitənin ən nüfuzlu klub turnirində ilk qolunu vurub.
Məsələ ondadır ki, Ağdam təmsilçisi kimi cənubi amerikalının özü də Çempionlar Liqasında debüt edib. İlk matç isə cərimə zərbəsindən vurulan qolla əlamətdar olub.
Çumbinyonun avrokuboklardakı ilk qolu da səfərdə vurulmuşdu. Braziliyalı ötən il Avropa Liqasının III təsnifat mərhələsinin “Gefle” ilə İsveçdəki görüşündə hesabı açmışdı. Həmin matçda onun həmyerlisi Reynaldo Silvanın da qol vurması görüşün 2:0 hesabı ilə bitməsi ilə nəticələnmişdi.
Qeyd edək ki, Avropa liqasında Yunanıstan “Atromitos”unda 2, “Qarabağ”da 4 oyuna çıxan futbolçu avrokuboklarda 7-ci görüşünü keçirdi.