Uzun müddətdi zədədən əziyyət çəkən “Qarabağ”ın yarımmüdafiəçisi Çumbinyonun Bakıya dönüşü gözlənilən tarixdə baş tutmayacaq. Klubdan apasport.az saytına verilən məlumata görə, buna braziliyalının ikinci dəfə cərrahiyyə əməliyyatı keçirməsi səbəb olub.
Mövsümün əvvəlindən komandadan ayrı qalan Çumbinyo bu günlərdə yenidən cərrah bıçağı altına uzanıb və dizindən əməliyyat olunub. Bu isə təcrübəli futbolçu üçün cari mövsümün bitməsi anlamına gəlir.
Bu ayın sonlarında Bakıya dönüşü gözlənilən Çumbinyo indi daha bir neçə ay ölkəsi Braziliyada qalmalı olacaq. Müqaviləsi yaya qədər olan 29 yaşlı oyunçunun bir də mövsümün sonlarına yaxın ölkəmizə gəlişi gözlənilir. Onun nə zaman meydana çıxacağı isə hələ bəlli deyil.
Qeyd edək ki, Çumbinyo Avropa Liqasının qrup mərhələsi çərçivəsində ötən il sentyabrın 18-də “Sent-Etyen”lə ev oyununda zədələnmişdi.