Sabah DÇ-2018-in seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi C qrupunun VI turu çərçivəsində Şimali İrlandiyanı qəbul edəcək.
Bu qarşılaşma hər iki komanda üçün böyük önəm kəsb edir. Britaniya təmsilçisi Belfastda yığmamız üzərində qələbə qazanaraq, ələ keçirdiyi qrup ikinciliyini möhkəmləndirməyi hədəfləyir. Ancaq Robert Prosineçkinin yetirmələrinin də yarışdan qopub-qopmamağı bu matçın nəticəsindən asılıdı. Komandamız doğma publika önündə qalib gələrək, həm Belfastdakı böyükhesablı məğlubiyyətin əvəzini çıxmaq, həm də ikincilik şansını yenidən artırmaq arzusundadı.
Əlbəttə ki, bu, heç də asan başa gəlməyəcək. İrlandlar iyunun 2-də Yeni Zelandiya ilə yoldaşlıq görüşündə qüvvəsini sınayıbsa, millimiz Avstriyada məşq etməklə kifayətlənib. Bu isə oyunçuların hansı durumda olduqlarını görmək baxımından Prosineçkiyə ciddi problem yarada bilər.
Ancaq digər tərəfdən heyətə nəzər yetirsək, komandamızın çox yaxşı vəziyyətdə olduğunu görərik. Milliləşdirilən Riçard Almeydanın kollektivə əlavə güc qatacağına şübhə yoxdu. Həmçinin, orta sahədə Qara Qarayev, Dmitri Nazarov və ön xətdə Ramil Şeydayevin formada olması hücum gücümüzü artıran faktorlardı.
Rəqib isə Bakıya ciddi itkilərlə gəlib. Konor Vaşinqton, Ceymi Uord və Uill Qriqq müxtəlif səbəblərdən dəvət olunmayıblar. Kreyq Katkart da yığmada zədə alaraq, heyətdən çıxarılıb. Baş məşqçi Maykl Onil ötən il Avropa çempionatında iştirak edən futbolçulardan bir neçəsinin xidmətindən məhrumdu. Bəzi əsas heyət üzvlərinin klublarında az çıxış etməsi və oyun praktikasının olmaması da işimizə yaraya bilər. Bununla belə, rəqibi itkilərdən çox havaların isti keçməsi narahat edir. Bunu nəzərə alan Onil oyunçuları isti hava şəraitinə uyğunlaşdırmaq üçün matç öncəsi Türkiyədə 4 gün toplanış keçib.
Doğrudu, Şimali İrlandiya istənilən halda görüşün favoriti göstərilir. Lakin bu komandaya indiyə qədər evdə məğlub olmamağımız sabahkı matça ümidlə baxmağa imkan verir. 2004-cü ildə britaniyalılar Azərbaycanı qolsuz bərabərliklə tərk etmişdilərsə, 2013-cü ildəki qarşılaşmada yığmamız 2:0 hesablı qələbəyə sevinmişdi.
Taleyüklü oyunda yığmamız azarkeş dəstəyini arxasında hiss edə biləcək. Alınan bilet sayı belə deməyə əsas verir. Artıq 20 mindən çox biletin satılması Tofiq Bəhramov adına Respublika Stadionunda ajiotajın olacağından xəbər verir.
DÇ-2018-in seçmə mərhələsi, C qrupu
10 iyun
20:00. Azərbaycan – Şimali İrlandiya
Hakimlər: Xavyer Estrada, Migel Martines, Teodoro Sobrino, Alexandro Ernandes
(Hamısı İspaniya)
Hakim-inspektor: Giorgios Bikas (Yunanıstan)
FİFA nümayəndəsi: Jan-Pol Mievis (Belçika)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu