[b]DÇ-2026: FİFA ABŞ-dan müraciət gözləyir[/b]
03.07.2014 - 14:05
[b]DÇ-2026: FİFA ABŞ-dan müraciət gözləyir[/b]

ABŞ millisinin dünya çempionatının final mərhələsindəki çıxışı yeni iddiaya səbəb olub. Apasport.az saytının məlumatına görə, amerikalılar 2026-cı ildə keçiriləcək mundiala ev sahibliyi etmək həvəsinə düşüblər.

 

DÇ-1994-ün təşkilatçısı olan ABŞ 32 ildən sonra yenidən 32 komandanı bir araya gətirəcək məkana çevrilmək istəyir. Artıq FİFA-da da belə müraciətin gələcəyini gözləyirlər.

 

Qurumun baş katibi Cerom Valke şimali amerikalıların futbola marağının artmasından məmnundur: “ABŞ yığmasının oyunlarına maraq bizim üçün də xoş idi. Bu matçların reytinqi rekordları qırdı. Düşünürəm ki, ABŞ DÇ-2026-ya ev sahibliyi üçün namizədliyini verəcək”.

 

Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun məsləhətçi kimi fəaliyyət göstərdiyi ABŞ millisi Portuqaliya, Qana və Almaniyanın yer aldığı qrupda yalnız sonunculardan geri qalmışdı. Amerikalıları 1/8 finalın əlavə vaxtında Belçika yığması dayandırdı – 2:1.

 

Qeyd edək ki, Asiya və Avropa ölkələrinin qəbul edə bilməyəcəyi çempionata hələlik 3 iddiaçı var. Bunlar Kanada, Kolumbiya və Meksikadır. Lakin ABŞ və Mərakeş də potensial iddiaçılar sayılır.