Türkiyə ilə Rusiya arasında siyasi problemin olduğu bir vaxtda “Fənərbaxça” ilə “Lokomotiv”in (Moskva) Avropa Liqasında bir-birlərinə rəqib olmaları birmənalı qarşılanmadı. Apasport.az saytının məlumatına görə, 1/16 final mərhələsi çərçivəsində baş tutacaq qarşılaşmalara iki aya yaxın vaxt qalsa da, bu cütlüyün görüşləri ətrafında çox söz-söhbətlər gəzir.
Bir sözlə, “Fənərbaxça” - “Lokomotiv” oyunlarına artıq bir futbol matçı kimi yox, siyasi “döyüş” kimi baxılır. Hər iki ölkə nümayəndələri indidən rəqib komandanı qəbul edərkən təhlükəsizliklə bağlı tədbirləri görməyə başlayıb. Ancaq bu görüşlərin üçüncü bir ölkədə baş tutması ehtimalını ortaya atanlar da var.
Biz də “Fənərbaxça” - “Lokomotiv” oyunlarının Türkiyə və Rusiyaya siyasi baxımdan təsirini, eləcə də idmanın artıq siyasətin bir parçası olması məsələsini müzakirə etmək üçün millət vəkilləri Zahid Oruc, Fazil Mustafa və Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevlə əlaqə saxladıq. Onlara isə konkret aşağıdakı sualları ünvanladıq:
1. “Fənərbaxça” ilə “Lokomotiv” komandalarının bir-birlərinə rəqib olmasını hazırkı məqamda doğru hesab edirsiniz?
2. Rusiya ilə Türkiyə arasında soyuq münasibətin olduğu bir vaxtda “Lokomotiv”lə “Fənərbaxça”nın rəqib olması təsadüfdü?
3. Hazırda bu oyunların neytral meydanda keçirilməsi variantı da müzakirə olunur. Sizcə, Azərbaycanda bu qarşılaşmanın təşkili mümkündümü?
4. Püşkatmalar zamanı saxtakarlıq iddiaları olur. Hansısa komandaların qəsdən bir-birlərinə rəqib edilmələrində siyasətin nə kimi rolu var?
5. İdmanın artıq siyasətin bir hissəsinə çevrilməsinə münasibətiniz necədi?
Zahid Oruc
1. “Fənərbaxça” – “Lokomotiv” görüşündə meydanda qarşılaşan Türkiyə və rus orduları deyil. Buna görə də, həmin oyunun üzərində qədərindən artıq siyasi yükləmələrə ehtiyac yoxdu. Əksinə, bu qarşılaşmanı elə keçirmək lazımdı ki, futbol diplomatiyası iki ölkənin hazırkı siyasi kommunikasiya münasibətlərində dönüşə səbəb olsun və problemlər ortadan qalxsın. Şəxsən biz belə olmasını istəyirik. Əlbəttə əminik ki, həmin görüşdə türkiyəlilər qalib gələcək. Amma bununla bərabər, bu oyunun siyasi çıxarlarını etmək, tarixdəki məlum vuruşmalarla paralelləşdirib növbəti dövr savaşlarının bir çörüyünə çevirmək də çox yanlışdı. Etiraf etmək lazımdı ki, bu yöndə cəhdlər var. Həm Ərdoğan, həm də Davutoğlu səviyyəsində buna münasibətlər bildirilir. O cümlədən Rusiya televiziyalarında “Lokomotiv”in fanatlarının çox kəskin mesajları ilə cəmiyyəti tanış edirlər. Bu cür təşviqatlar işə ziyan vurur. Dünənə qədər İran və ABŞ arasındakı müharibənin şiddətinə baxmayaraq, hər iki ölkənin milliləri üz-üzə gəlirdi. Heç kim demirdi ki, əgər İran qalibsə, artıq o deməkdi ki, Yaxın Şərqi boşaldın, futbol komandası qələbəni əldə edib, ABŞ hərbçiləri çıxıb Ərəbistan yarımadasından getsin, İran gəlir oranı tutmağa, ya da ki əksinə. Oyun ətrafındakı söhbətlərin şiddətinə baxanda açıq görmək mümkündü ki, iki xalqı bir-biri ilə toqquşdurmaq üçün necə yarışırlar. Futbol oyununun üzərində böyük oyun gedir. Bunu da görməmək mümkün deyil.
2. UEFA-nın iki komandanı qəsdən üz-üzə qoyduğuna heç şübhəm yoxdu. Türklərlə ruslar hokkeydə də üz-üzə gəlsəydilər, eyni entuziazmla bu qarşıdurmanı yaşadacaqdılar. Qısası, bu oyun Rusiya və Türkiyə savaşının tərkib elementinə çevrilməməlidi. Sanki bunu bilərəkdən şişirdirlər. Təəssüf doğuran hal budu ki, futbol fanatizminin dağıdıcılığını insanlar nəzərə almırlar, 3-5 nəfəri qətlə yetirməklə dövlətlərin qarşıdurmasını dərinləşdirmək bu xalqların üzərində plan quranların xeyrinə işləyəcək. Əslində isə bu qarşılaşma sadəcə bir idman oyunudu. Burda meydana tankla, topla çıxmırlar. Orda məğlub olmaq da dövlətin məğlubiyyəti anlamına gəlməz.
3. Azərbaycan belə oyunlara ev sahibliyi edə bilər. Lakin düşünmürəm ki, oyun Türkiyədə keçirilsə, “Lokomotiv”in futbolçularına qarşı hansısa hücum ola, problem yarana. Buna heç bir zərurət yoxdu. Fikir toqquşmalarının, təhlillərin bu istiqamətdə yön almasının da bir faydası olmayacaq. Azərbaycan ümumən Rusiya və Türkiyə arasında siyasi münasibətlərin çözümünü istəyir. Dünyada yüz illər ərzində belə yarışlara siyasəti qoşmamaq mövqeyi mövcuddu. Azərbaycan da tədbirlər keçirəndə belə edib, hətta Ermənistan idmançıları buraya gəliblər. Belə olan halda, “Lokomotiv”lə oyunu hər hansı bir savaşın tərkib hissəsi kimi götürmək çox yanlışdı. Mən parlament üzvü kimi bunun qəti şəkildə əleyhinəyəm. Ümidvaram ki, oyun keçiriləcək və heç bir problem baş verməyəcək.
4. Belə püşkatmalar həmişə “sürprizlər”lə müşayiət olunub. UEFA da, FİFA-nın özünün də nə qədər böyük korrupsiya, siyasi maraqlar içərisində olduğunu hər kəs bilir. Buna görə də, düşünürəm ki, bu, futbol hadisəsi deyil.
5. İdmanın siyasətin bir hissəsinə çevrilməsinə münasibətim pisdi. Təəssüf olsun ki, komandalar, ayrı-ayrı idman növləri milli ideologiyaların tərkib hissəsinə çevrilir. Bu, avtomatik özünün mahiyyətini itirir. Boksda da, tatami üzərində yarışlarda da biz belə halların şahidi oluruq. Nə yazıq ki, belədi. Ölkəmizin idmançılarına da müxtəlif dövlətlərdə bəzən bu cür ayrıseçkilik göstərirlər.
Fazil Mustafa
1. Türkiyədə yarışlara qatılmaq lazımdı. İdmanı buna qatmaq olmaz. Əgər zəmanət veriləcəksə, türklər gedib Rusiyada oynayacaqlar. Əgər orda qarşılıqlı olaraq tərbiyəsizlik ediləcəksə, kimsə idmançını döyməyə və ya hava limanında təhqir etməyə çalışacaqsa, bu, böyük insident olacaq. Hər halda, UEFA bu məsələdə kimin günahkar olduğunu üzə çıxaracaq. Məncə, hər iki tərəf bu məsələdə soyuqqanlı olmalı, idmanı siyasətə qatmamalıdı.
2. Rusiya və Türkiyə arasında soyuq münasibət olduğu vaxtda “Fənərbaxça” və “Lokomotiv”in üz-üzə gəlməsi, məncə, bir təsadüfdü. Sadəcə, Türkiyə tərəfindən hər hansı bir təhlükə yoxdu ki. Məncə, Türkiyədə hər hansı bir problem olmayacaq. Çünki türklər bu məsələyə çox tolerant yanaşırlar. Ruslarda millətçi duyğular daha çox qalxmağa başlayıb ki, bu, təhlükəlidi.
3. Əgər oyunu neytral meydanda keçirmək istəsələr, matç Azərbaycanda da keçirilə bilər. Məncə, heç bir problem olmaz. Düşünürəm ki, oyun Bakıda keçirilsə, “Fənərbaxça”nın dəstəyi Türkiyədəkindən az olmayacaq.
4. Püşkatmadı da. Bunu mən isbatlamaqda imkanı olan adam deyiləm. Püşkatmanın nəticəsi budusa, şübhə etmək doğru deyil. “Qalatasaray” da İtaliyanın komandası ilə düşdü. Bəzən Ukrayna komandası Rusiya təmsilçisi ilə düşür. Onun nə dəxli var? Bu prosesə püşkatmanın nəticəsi kimi baxılmalıdı.
5. Siyasətin idmana müdaxilə etməsi yanlışdı. Futbol bütün insanları birləşdirən oyundu. Siyasət gərək idmana müdaxilə etməsin. İdmanın öz ab-havası var, siyasətin öz ab-havası. Bəli, futbol siyasətin bir hissəsidi. Amma bu, o demək deyil ki, kiminləsə dava etdinsə, futbolda da dava etməlisən. Fikir verirsizsə, ən qatı düşmək ölkələr belə bir-birləri ilə futbol oynayırlar. Məsələn, İran ABŞ-la futbol oynayanda, onlara qalib gələndə sanki dünyanı İrana vermişdilər, bu qələbəyə intiqam havası, Allahın İrana bir lütfü kimi baxırdı. Bunlar hamısı boş, mənasız şeylərdi. Biz də ermənilərlə futbol meydanında qarşılaşa bilərik. Meydanda futbol oynamaq lazımdı. Durub oyunçunun ayağını qırası deyilsən ki? Bunlar yanlış şeylərdi.
Hafiz Hacıyev
1. Bu gün dünyada gedən siyasi proseslərdə tərəfkeşlik məsələsi önə keçib. Türkiyə ilə Rusiya arasındakı münasibətlər də son günlər Rusiyanın günahı ucbatından gərginləşib. Türkiyənin qarşısına haqsız şərtlər irəli sürürlər. Düşünürəm ki, bunların hamısı yersizdi. Qeyrəti olan komandaya da bunun böyük təsiri olur. Fikrimcə, bu, Rusiya tərəfinin ədalətsiz mövqeyidi. Bizim türk qardaşlarımız haqlıdılar. Bütün hallarda bizim qardaşımız olan Türkiyə qalib gələcək.
2. Bu, təsadüf də ola bilər. Tam dəqiq bilmək olmaz. Rusiya ilə Türkiyə arasında münasibətlər gərgin xətt üzrə inkişaf edib. Düşünürəm ki, burda da müəyyən qüvvələrin mövqeləri bəlli deyil. Qızışdırıcı mövqe də ola bilər, müəyyən qurumların Türkiyəyə qarşı qərəzli mövqeyi də ola bilər. İki dövlət arasında narazılığın pik həddə çatmasını arzu edən dövlətlər var. Biz bunu gözləyirdik.
3. Azərbaycan ədalətli mövqe yeridi. Azərbaycan burda hakim rolunu oynaya, bu missiyanı öz üzərinə götürə bilər. Bizim bu sahədə böyük təcrübəmiz var. Təbii ki, Rusiya buna razılıq versə. Amma buna imkan verməzlər. Burda söhbət aranı qızışdırmaqdan gedir. Razı olmazlar ki, bu iki komandanın komandaları başqa bir ölkədə qarşılaşsınlar. Bu qurumlar bütün vasitələrlə cığallıq edib, aranı qatmağa çalışırlar. Bu məsələdə həssas olmalıyıq.
4. Əlbəttə, bunun hamısı siyasətlə bağlıdı. Necə oldu ki, Türkiyə ilə Rusiya arasındakı bu münasibətdən sonra komandaları üz-üzə gəlir? Bəziləri Rusiyaya haqq qazandırırlar. Bu, vicdansız yanaşmadı. Biz qardaşımız olan Türkiyənin yanında olmalıyıq. Bəzi dövlətlər heç vaxt türk dövlətlərini sevməyib, sevməyəcək də. Biz reallığa söykənməli və bir millət, iki dövlət kimi fəaliyyət göstərməliyik. Bizdən zərbələrin hardan dəydiyini yaxşı bilirik. Buna da aqressiv və ciddi reaksiya verməliyik.
5. Hazırda idman siyasətin bir hissəsidi. Məsələn, biz Avropa Oyunlarını ona görə təşkil etdik ki, bütün ölkələr Azərbaycanda olan islahatları, demokratiyanı, siyasi sabitliyi görsünlər, gələcəkdə bura böyük yatırımlar qoysunlar. İstənilən futbol komandası da öz dövlətinin bayrağını təmsil edir. Bizim idmançılarımız dünya miqyaslı yarışlarda qalib gələndə bayrağımız dalğalanır. Əlbəttə bunlar siyasətdə ən önəmli məqamlardı.
Ruslan SADIQOV
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”
- İsmail Kartaldan çempionluq mesajı – Asensio qayıdır