[b]Dərə xəlvət, tülkü bəy! - YAZI[/b]
06.05.2016 - 00:00
[b]Dərə xəlvət, tülkü bəy! - YAZI[/b]

İngiltərə Premyer Liqasında 2015/16 mövsümünü çempion olaraq tamamlayan “Lester Siti” “Böyük beşlik” ölkələrinin çempionatlarında mövsümün əsas sensasiyasına imza atdı.

 

Ada nəhəglərinin olduqca pis mövsüm keçirdiyi bir vaxtda gözlənilmədən çempionluğa oynayan “tülkülər” yekunda “taxta oturmağı” bacardılar. Ədəbi bənzətmə ilə ifadə etməyə çalışsaq, “xanların”, “bəylərin” (oxu: “Çelsi”, “Arsenal”, “Mançester Yunayted”, “Liverpul”) olmadığı yerdə “tülkü” bəy oldu – necə deyərlər “dərə xəlvət, tülkü bəy”.

 

Ancaq İngiltərə nəhənglərinin uğursuzluqlarını önə çəkərək, Klaudio Ranyeri və onu komandasının möhtəşəm nailiyyətini kiçiltmək niyyətim yoxdu. Heç bir uğur əziyyətsiz, rəqabətsiz qazanılmır. Zirvəyə gedən yolda hər zaman çətinliklər olur.

 

Gəlin, “Lester”in çempionluq yoluna birlikdə nəzər salaq.

 

 

10 il sonrakı qayıdış

 

2013/14 mövsümünü ikinci divizionda – Çempionşipdə birinci olaraq tamamlayan “tülkülər” on illik fasilədən sonra yenidən Premyer Liqada oynamağa haqq qazandı. Naycel Personun rəhbərliyi altında liqaya start verən komanda fasilədən sonrakı ilk mövsümü o qədər də yaxşı başlamamışdı.

 

 

29 oyundan sonra sadəcə 19 xal yığmağı bacaran “Lester”ə hər kəs yenidən gəldiyi yerə gedəcək gözü ilə baxırdı. Ancaq kollektiv inanılmazı reallaşdıra bildi. Qalan son 9 oyunun 7-də qalib gələrək, sadəcə bir məğlubiyyətə üzülən Naycel Personun yetirmələri 22 xal topladı və yekunda 41 xalla 10 il aradan sonra gəldiyi Premyer Liqanı 14-cü pillədə tamamladı.

 

 

Şərqdən doğan günəş

 

2010-cu ildə Tayland mənşəli “King Power” qrupu tərəfindən sadəcə 39 (!) milyon funt-sterlinqə satın alınan kluba 2015/16 mövsümündə sponsorlar tərəfindən bir az daha çox maliyyə ayrıldı.

 

İlk olaraq komandaya Farer Adalarına məğlubiyyətdən sonra Yunanıstan millisindən qovulan Klaudio Ranyeri baş məşqçi təyin edildi. Daha sonra isə italiyalı mütəxəssisin də istəyi ilə “Napoli”dən Gökhan İnler, “Kann”dan N`Qolo Kante, “Atalanta”dan Yohan Benalune, “Stok Siti”dən Robert Hut, “Maynz”dan Şindzi Okazaki və “Şalke”dən Ktristian Fuşu alaraq ümumilikdə transferə 38 milyon avro xərcləndi.

 

 

Yeni gələn oyunçularla birlikdə daha öncədən də heyətdə olan Riyad Mahrez, Ceymi Vardi, Ues Morqandan ibarət mütəvazi komanda və “skelet” formalaşdırmağı bacaran Ranyeri onu necə böyük bir uğurun gözlədiyini heç özü də təxmin etmirdi.

 

 

Beş mində bir ehtimal

 

Qeyd etdiyimiz kimi ötən mövsümü son həftələrdəki sıçrayışı nəticəsində elitanı tərk etməkdən qurtularaq 14-cü sırada bitirmiş komandaya mərc kontorları da güvənmirdilər. Belə ki, ənənəvi mövsümöncəsi açıqlanan əmsallarda “Lester”in çempionluq şansı 1/5000 olaraq göstərilmişdi.

 

Hətta komandanın qurucusu, zəfərin əsas memarı Ranyeri də qonaq olduğu BBC-nin “Match of the day” (Günün oyunu) proqramında aparıcının “Heç olmasa Avrokubokları hədəfləyən bir komanda yaradacağınızı gözləmək olarmı?” sualına gülərək cavab vermişdi.

 

 

“Lester”in və İngiltərə tarixinin əfsanəvi futbolçularından olmuş, hazırda BBC-də verilişdə şərhçilik edən Qari Lineker isə əgər klub çempion olarsa, efirə tumanla çıxacağına söz vermişdi.

 

 

Futbolun sürətlə sənayeləşdiyi, ən varlı iş adamlarının ən yaxşı klublara sahib çıxdıqları bir zamanda ilk 11-də oynayan futbolçularının dəyəri sadəcə 22 milyon funt (təxminən 28 milyon avro) olan, mütəvazi bir heyətlə yola çıxan komanda inanılmazı gerçəkləşdirə bildi.

 

 

Çempionluğun qəhrəmanları Vardi

 

Sözsüz ki, zəfər tamaşasında ən böyük pay sahibi “teatr”ın rejissoru, dramaturqu Klaudio Ranyeridir. Yunanıstan millisindən qovulmuş birinin Premyer Liqa çempionu olacağını desək, ən optimist adamı da inandıra bilməzdik. Ancaq Ranyeri hətta özünü də təəccübləndirməyi bacardı.

 

Ancaq tamaşada rejissor işi qədər aktyorların bacarıqlı olması da önəmli nüansdır. Bu oyunçuların başında isə şübhəsiz ki, Ceymi Vardi gəlir. O Vardi ki, sırf onun həyatı haqqında filmlər çəkmək, romanlar yazmaq olar. Karyerasının böyük bölümünü həvəskar komandalarda keçirən qoleador 2012/13 mövsümündə sadəcə 1 (!) milyon avro qarşılığında komandaya cəlb olunmuşdu. Premyer Liqaya yüksəldikdən sonra heyətə düşməkdə çətinlik çəkən hücumçu elitadakı ilk qolunu ötən mövsüm “Mançester Yunayted”ə qarşı möhtəşəm geridönüşə imza atdıqları 5:3-lük oyunda vurmuşdu. Həmin ili sadəcə 5 qolla tamamlayan Vardi 2015/16 mövsümünə sanki fırtına kimi start vermişdi. Premyer Liqada ardıcıl 11 oyunda fərqlənərək əfsanəvi holland hücumçu Rud van Nisterloyun rekorduna ortaq olan 9 nömrə bu uğuru ilə İngiltərə milli komandasının da qapısını açmağı bacardı.

 

 

Tamaşa əlbəttə ki, bir aktyorun monoloqu ola bilməzdi. Ən az Vardi qədər bu uğurda rolu olan Riyad Mahrezin də əməyini gözardı etmək olmaz. 2014-cü ildə ara transfer dönəmində Fransanın “Le Havr” klubundan 500 min (!) avroya satın alınan əlcəzairli futbolçu sadəcə bir mövsüm sonra “İngiltərənin ən yaxşı oyunçusu” olmağı bacardı. Afrikalı oyunçu çempionluq yolunda “Lester”in düz 27 qolunda birbaşa iştirakçı oldu.

 

 

Mütəvazi heyətə, əla motivasiyaya malik olan “Lester” İngiltərə Premyer Liqasında çox pulun olmasa da, turnirin bitiminə həftələr qala ən yaxın rəqibini 7 xal üstələyərək çempion olmağın mümkün olduğunu sübut edərək tarixi dəyişdirən klub oldu.

 

Zaur XUDİYEV

0