Azərbaycan Premyer Liqasının XVIII turunda “Səbail”lə üz-üzə gələcək “Kəpəz” qarşılaşmanın hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Gəncə klubunda 2 futbolçunun durumu məşqçilər korpusunu narahat edir.
Belə ki, yarımmüdafiəçilər İlyas Səfərzadə və Dieqo Souza hazırda zədədən əziyyət çəkirlər. “Qarabağ”la ötən tur qarşılaşmasında xəsarət alan hər iki oyunçu komandanın bugünkü məşqində iştirak etməyib. Lakin onların durumunun ciddi olmadığı bildirilir. Həm İlyasın, həm də Dieqonun “Səbail”lə oyuna qədər sıraya dönməsi gözlənilir.
Qeyd edək ki, martın 3-də keçiriləcək “Kəpəz” – “Səbail” görüşü saat 15:00-da start götürəcək.