“Bu cür oyunlarda nəyisə sınaqdan keçirmək olmaz. Əgər 100 faiz əminsənsə, onda qərar verməlisən. Axı əlavə olunmuş dəqiqədə necə o cür cərimə zərbəsi təyin etmək olar?”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Karlsrue” klubunun və Azərbaycan yığmasının üzvü Dmitri Nazarov deyib.
Bundesliqaya vəsiqə uğrunda pley-off mərhələsinin cavab oyununda Nazarovun komandası öz meydanında “Hamburq”a 1:2 hesabı ilə uduzub. İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığından, “Hamburq” Bundesliqadakı yerini qoruya bilib.
“Karlsrue”nin Bundesliqaya yüksələ bilməməsini şərh edən Nazarov “Hamburq”la matçın baş hakimi Manuel Qrafeni kəskin tənqid edib. O, komandasının uğursuzluğa düçar olmasını sırf referinin idarəçiliyi ilə əlaqələndirib: “Hamımız məyusuq, çünki biz əla mövsüm keçirdik. Amma sonra əziyyətimizin bəhrəsini görə bilmədik. İkinci hissədə həmin situasiya ilə mən də üzləşdim. Lakin hakim oyunu dayandırmadı. Əlavə vaxtın son dəqiqələrində isə lehimizə penalti təyin etdi. Hansı ki, o penalti heç bir önəm kəsb etmirdi. Çünki Bundesliqaya yüksəlmək şansımızı itirmişdik. Hakim guya ki, oyunun sonlarında bizim xeyrimizə nəsə etmək istədi. Bundesliqaya yüksələ bilməməyimiz çox məyusedicidi.
Qeyd edək ki, həmin görüşə start heyətində çıxan Nazarov 120 dəqiqə meydanda olmuşdu.