Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində dünən keçirilməli olan “Borussiya” – “Monako” qarşılaşması öncəsi Dortmundda baş verən partlayışda şübhəli bilinən iki şəxsdən biri saxlanılıb. Apasport.az saytının məlumatına görə, bu barədə federal prokurorluğun mətbuat xidmətinin rəhbəri Frayuk Koler xəbər verib.
Şübhəli bilinən şəxsin ilkin olaraq, radikal qruplaşmanın üzvü olduğu bildirilir. İki nəfər şübhəli şəxsin olduğu ev araşdırılır. Saxlanılan şəxs barədə hələ həbs cəzası tətbiq edilməsə də, o, nəzarət altında saxlanılacaq.
Məsələ ilə bağlı danışan Koler bildirib ki, hadisə yerində daha 3 partlayıcı qurğu aşkar olunub: “Bəxtimiz gətirib ki, daha bədbəxt hadisə baş verməyib. Əgər həmin partlayıcı qurğular da partlasaydı, 100 metr məsafə dairəsində təsir edə bilərdi”.
Hadisə yerində üç məktub tapılıb. Bu məktublarda yazılanlar hüquq-mühafizə orqanlarında belə fikir yaradıb ki, partlayış müsəlmanlar tərəfindən törədilib. Almaniya KİV-i də məhz bunu iddia edir. Həmkarlarımız açılan məktubların birində “Allahın adı ilə. Rəhman olan mərhəmətedici” ifadəsi yazılıb.
Qeyd edək ki, dünən məlum səbəbdən baş tutmayan “Borussiya” (Dortmund) – “Monako” görüşü bu gün keçiriləcək.