Sabah bütün dünyanın diqqəti Rusiyanın şimal paytaxtı Sankt-Peterburqa yönələcək. Apasport.az saytının məlumatına görə, buna 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin əsas püşkatma mərasimi səbəb olacaq.
Tədbir Sankt-Peterburqun Konstantinovski sarayında baş tutacaq. Püşkatma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Mərasimə yalnız bir konfederasiyaya daxil olan ölkələr qatılmayacaq. Bu da artıq seçmə oyunlarına start verilən Asiyadı. DÇ-2018-in vəsiqələri uğrunda mübarizənin çoxmərhələli sistemlə getdiyi qitədə püşkatma xeyli əvvəl baş tutub. Bu üzdən də tədbirdə 141 komandanın rəqibləri bilinəcək.
Püşkatma qitələrarası pley-offun cütlərinin müəyyənləşməsi ilə başlayacaq. Burada Okeaniya, Asiya, Cənubi Amerika və KONKAKAF (Şimali və Mərkəzi Amerika, Karib dənizi hövzəsi ölkələri) zonalarından bu mərhələyə yüksələnlərin bir-biri ilə qarşılaşacaq.
Ardınca konfederasiyalar üzrə püşkatma baş tutacaq.
Zimbabvenin yarışa buraxılmaması üzündən Afrikada 53 komanda mübarizə aparacaq. I mərhələdə 26 yığma 13 cütlük təşkil edəcək. Qaliblər digər 27 komandaya qoşulacaq.
2-ci mərhələdə bu 40 komanda 20 cütdə üz-üzə gələcək.
Qaliblərin yüksəldiyi 3-cü mərhələdə millilər hərəsində 4 komanda olmaqla 5 qrupa bölünüb. 5 qrup qalibi Rusiyaya vəsiqə qazanacaq.
Avropa zonasında meydan sahibi Rusiya və FİFA-nın tanımadığı Cəbəllütariq seçmə mərhələdə çıxış etməyəcək. 52 yığma 9 qrupa bölünəcək. Onların 7-də 6, 2-də 5 yığma mübarizə aparacaq. Qrup qalibləri birbaşa mundiala yüksələcəksə, ikinci yerlərin təşkil etdiyi 4 cütlük pley-offda oynayacaq. Ən pis göstəriciyə malik 2-ci yer isə Rusiya xəyalı ilə vidalaşacaq.
Püşk üçün yığmalar FİFA-nın millilərin iyul reytinqinə əsasən, 6 səbətə bölünüb. Mundial vəsiqə uğrunda mübarizə aparacaq komandalar arasında yer alacaq Azərbaycan yığması da növbəti yarış üçün rəqiblərini tanıyacaq. Tarixində 6-cı dəfə DÇ-nin seçmə mərhələsinə qatılacaq millimiz püşkatmaya 5-ci səbətdə başlayacaq.
Avropa zonasında səbətlərin tərkibi:
1-ci səbət
Almaniya, Belçika, Hollandiya, Portuqaliya, Rumıniya, İngiltərə, Uels, İspaniya, Xorvatiya
2-ci səbət
Slovakiya, Avstriya, İtaliya, İsveçrə, Çexiya, Fransa, İslandiya, Danimarka, Bosniya və Herseqovina
3-cü səbət
Ukrayna, Şotlandiya, Polşa, Macarıstan, İsveç, Albaniya, Şimali İrlandiya, Serbiya, Yunanıstan
4-cü səbət
Türkiyə, Sloveniya, İsrail, İrlandiya, Norveç, Bolqarıstan, Farer adaları, Monteneqro, Estoniya
5-ci səbət
Kipr, Latviya, Ermənistan, Finlandiya, Belarus, Makedoniya, AZƏRBAYCAN, Litva, Moldova
6-cı səbət
Qazaxıstan, Lüksemburq, Lixtenşteyn, Gürcüstan, Malta, San-Marino, Andorra
KONKAKAF zonasında 3-cü mərhələnin püşkü atılacaq. 2-ci turu adlayan 10 komanda və Yamayka ilə Haiti Sankt-Peterburqdakı püşkə qatılacaq. 6 cütün qalibi 4-cü tura adlayacaq.
Həmin mərhələdə onlara zonanın 6 ən güclü qoşulacaq və komandalar hərəsində 4 yığma olmaqla 3 qrupa bölünəcək. Hər qrupun iki ən yaxşısı KONKAKAF üzrə 5-ci – həlledici mərhələyə yüksələcək. Buradan 3 komanda Rusiyaya, 1-i pley-offa çıxacaq.
Okeaniyada 1-ci seçmə mərhələdə 4 ən zəif yığma çıxış edəcək. Qalib digər 7 komandayla 2-ci raundda mübarizə aparacaq. İki qrupa bölünəcək “8-lik” növbəti turun 6 iştirakçısını müəyyənləşdirəcək. Zonanın qalibi pley-offa vəsiqə əldə edəcək.
Cənubi Amerikada 10 yığma dairəvi, iki dövrəli sistemlə vəsiqələr uğrunda mübarizə aparacaq. Püşkatma yarışın təqviminin müəyyənləşməsinə xidmət edəcək. Sonda 4 komanda mundiala, 1-i pley-offa yüksələcək.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq