Topaz Premyer Liqasının ilk yarısında çempionluğa namizədlərdən sayılan “Qəbələ” qış fasiləsindən sonra “uğursuzluq zolağı”na düşdü. Apasport.az saytının hesablamalarına görə, 2014-cü ilin 11 turunda 9 xal qazanan Yuri Syominin yetirmələrinin qızıl medala nəzəri şanslarının itməsi üçün cəmi 1 xalı çatmır.
Komandanın nəticələrinə baxdıqda, uğursuzluğun əsas səbəbi kimi qapı və müdafiə xəttinin zəifləməsi diqqət çəkir. “Qəbələ” ilk 18 turda 16 qol buraxmışdısa, qış fasiləsindən sonra baş tutan 11 matçda da eyni sayda topa üzülüb. 11 matçdan 8-də qol buraxan əyalət klubu yalnız 3 dəfə qapısını toxunulmaz saxlayıb.
Qışda məhz Syominin təkidi ilə Azərbaycan millisinin əsas qapıçısı Kamran Ağayevin transferindən sonra qapının daha etibarlı olacağı gözlənilirdi. Amma ümidləri doğrulda bilmədiyi üçün “Bakı”dan qovulan qolkiper, hələlik yeni klubunda da inamsız təsir bağışlayır.
Hər halda, millinin “1 nömrə”sinin gəlişindən sonra 9 matçda 12 qol buraxmaq, heç də çempionluq iddiasında olan komandanın qapıçısına yaraşan nəticə deyil. Müqayisə üçün qeyd edək ki, Kamranın ehtiyatda saxladığı David Pietrzkieviç 10, Dieqo Kosta 9 oyuna 8 top buraxıb. Digər 4 qol isə 1 matça çıxan Anar Nəzirovun hesabındadır.
Legionerlərdən daha çox qol buraxan Ağayev yeni komandasında 9 matçdan ikisində 3, birində 2, dördündə 1 qol buraxıb və yalnız 2 dəfə meydanı “quru oyun”la tərk edib. Kamranın meydana çıxdığı matçlarda komandası cəmi 1 qələbə qazanıb. Fevralın 19-da AZAL-ı 2:1 yenən komanda artıq 7 turdur qalib gəlmir.